"Xahiş eləyirəm, mənə bir papiros verəsiniz..." - Sabit Rəhman

"Xahiş eləyirəm, mənə bir papiros verəsiniz..." - Sabit Rəhman
calendar 22 dekabr 2023
clock 17:00


Kulis.az Sabit Rəhmanın Abdulla Şaiq barədə xatirələrini təqdim edir.

İnstitutda oxuduğum zaman biz Abdulla Şaiqlə çox yaxın olduq. O vaxt müəllimlərin siyasi biliklərinin artmasına xüsusi fikir verirdilər. Tələbələrin arasında elə demaqoqlar da tapılırdı ki, müəllim onu öz fənni sahəsində sıxışdıran kimi, o da siyasi suallar yağdırmağa başlayrdı.

Abdulla Şaiq tənəffüslərdə mənimlə gəzər, söhbət eləyərdi.

Bir gün mən ondan papiros istəməli oldum. Ancaq bunu doğrudan-doğruya eləmədim. Yaxınlaşıb şübhəli-şübhəli ətrafı yoxladım, sonra yavşdan dedim:

- Mirzə, sizə bir neçə siyasi sual verəcəyəm.

Abdulla Şaiq hazırlıqlı və bilikli müəllim idi. Heç bir sualın qabağında aciz qalmazdı, amma bu dəfə nədənsə özünü itirdi və yavaşdan cavab verdi:

- Siyasi cəhətdən o qədər də hazırlıqlı deyiləm.

- Eybi yoxdur, Mirzə! – deyərək mən lap uzaqdan – 1917-ci ildən başladım, böyük müqəddimədən sonra yeni iqtisadi-siyasətdən, birinci beşillikdən danışdım.

Nəhayət, söhbəti ora gətirdim ki, ağır sənayenin bu qədər böyük sürətli inkişaf ilə əlaqədar olaraq yüngül sənayedə bəzən müvəqqəti çətinlik əmələ gəlir. Bunun da nəticəsində yaxşı papiros tapmaq olmur: - Odur ki, - dedim, - xahiş eləyirəm, mənə bir papiros verəsiniz.

Yanımızda bir skamya vardı. Abdulla Şaiq taqətsiz onun üstündə oturub dedi:

- Əşşi, bunu bayaqdan de də. Az qala ürək-göbəyim düşmüşdü.

Bu epizodu Abdulla Şaiq unuda bilmirdi.

Üstündən iyirmi beş il keçəndən sonra da məni görən kimi ətrafındakılara ondan necə papiros istədiyimi danışırdı.

Hətta bu bizim aramızda bir parol şəklinə düşmüşdü. Hələ çox sonralar da o məndən papiros istədikdə deyirdi:

- Sabit, on yeddi il...


****

Bir dəfə biz bir yerdə 1 May nümayişinə gedirdik.

O vaxt yazıçılar xüsusi dəstə ilə nümayişə çıxırdılar və biz tribunanın qabağından keçəndə tribunadakılar ədəbiyyat haqqında şüarlar deyərdilər.

Harda isə dayanmışdıq, nümayişin başlanmasını gözləyirdik. Dəstə-dəstə söhbət eləyirdik.

Bir də gördüm Qantəmir məni axtarır. Qoluma girib yavaşdan dedi:

- Abdulla Şaiq "Araz" adlı təzə roman yazıb. Mənə deyir: yumorum yoxdur, bir az yumor ver. Mən də ona səni məsləhət verdim:

Mən də onun zarafat tonuna müvafiq olaraq cavab verdim:

- Baho, özümlə ehtiyat yumor götürməmişəm axı.

Elə bu vaxt Abdulla Şaiq bizə yaxınlaşdı. Qantəmir onun haqqında danışdığını hiss elətdirməmək üçün ayrı yerdən söhbət saldı və tez bizdən ayrıldı. Bu səfər də Abdulla Şaiq mənim qoluma girdi.

- Sabit, sənə bir sözüm var.

Mən onu sözünə davam etməyə qoymadım. Tez dedim:

- Mirzə, kim deyir ki, sizdə yumor yoxdur. Nə üçün sizə elə gəlir ki, əsərlərinizdə yumor azdır?

Şaiq təəccüblə soruşdu:

- Sən nə bildin ki, mən yumor haqqında danışacağam?

- Qantəmir dedi.

- Nə dedi?

- Dedi ki, siz təzə romanınızda yumor olmamasından nigaransınız. Arxayın olun, Mirzə, orda mütləq yumor var.

- Hardan bilirsən, oxumamısan ki?

- Düzdür, təzə romanınızı oxumamışam, ancaq mən sizin yaradıcılığınıza bələdəm. Məgər "Aran köçü"ndə yumor yoxdurmu? "Tülkü həccə gedir"də, "Şələquyruq"da, "Yaxşı yoldaş" da yumor yoxdurmu? O cür əsərlərin müəllifi də yumorsuzluqdan şikayət edərmi?

Mənim bu sözlərim ona çox yaxşı təsir elədi. İlhamlandırdı. Gülə-gülə dedi:

- Düz deyirsən. Özümdə olan şeyi niyə özgədən istəyirəm?


****

Abdulla Şaiq sonralar Gənc Tamaşaçılar Teatrında dalbadal oynanmış gözəl pyeslərini hələ yazmamışdı. Bu pyeslərdə uşaqları qəhqəhə ilə güldürən yumor vardır. Bu mənim haqlı olduğumu bir daha sübut elədi. Kultura.az

# 1973 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news