Vicdan

Vicdan
calendar 6 oktyabr 2014
clock 08:00

Kulis.Az İtalo Kalvinonun "Vicdan" adlı hekayəsini təqdim edir.

Müharibə başlayanda Luici adlı bir adam peyda olmuşdu, könüllü yazılmaq istəyirdi. Hamı onu tərifləyib göylərə qaldırırdı.

Luici silah paylanılan yerə gedib birini götürdü və dedi: “İndi gedib Albertonu öldürəcəm”. Ondan Albertonun kim olduğunu soruşdular. “Düşməndir Alberto, mənim düşmənim”, - deyə cavab verdi. Ona istədiyi hər adamı öldürməyə icazə verilmədiyini, yalnız bəlli düşmənləri öldürməli olduğunu başa salmaq istəyəndə, “Nədi?!” deyib bozardı: “Siz məni axmaqmı hesab eləyirsiz? Alberto elə ən böyük düşməndi. Onlara qarşı müharibəyə başladığınızı eşidəndə, dərhal sizə qoşulmalı olduğumu düşündüm, çünki yalnız bu halda Albertonu öldürə bilərdim. Elə buna görə indi yanınızdayam. Onu yaxşı tanıyıram, əclafın, alçağın yekəsidir. Mənlə xaincəsinə davrandı, qadının yanında üzüqara oldum, alçaldım... Köhnə söhbətdi, istəyirsizsə sizə danışım”.

- Yox, lazım deyil, səni başa düşürük, - yoldaşları dedi.

- Yaxşı, onda mənə Albertonun harda gizləndiyini deyin.

- Bilmirik.

- Eybi yox, onun yerini bilən birini taparam. Onsuz da əvvəl-axır əlimə keçəcək.

Luicinin qandırmağa çalışdılar ki, bunu eləməyə ixtiyarı yoxdur, hara yollasalar ora getməli, yalnız ordakıları öldürməlidir. Alberto haqqında isə heç kimin məlumatı yoxuydu.

“Mənə baxın”, - Luici yenə israr elədi: “Görürəm sizə baş verənləri danışmalıyam. Bu Alberto həqiqətən oğraş adamdı, ona qarşı döyüşməklə yaxşı iş görürsüz”.

Amma yoldaşları onu dinləmək istəmədi. Luici də söz qanan adam deyildi, dirəşdi: “Üzr istəyirəm, hansı düşməni öldürməyim sizin vecinizə olmaya bilər, amma Albertonu yox, bir başqasını öldürsəm, çox pis olaram”.

Yoldaşlarının səbri tükəndi. Onlardan biri Luiciyə müharibənin nə olduğunu, kefi istədiyi adamı öldürmək ixtiyarının olmadığını uzun-uzun başa saldı.

Luici etiraz elədi: “Əgər elədirsə, onda mən yoxam!”

“Varsan və olacaqsan!” – yoldaşları üstünə qışqırdı. “İrəli marş! Bir-iki, bir–iki...”, - beləliklə Luicini müharibəyə yolladılar.

Xoşbəxt deyildi Luici, Albertoya, ya da ailəsindən kiməsə tuş gələr deyə qabağına çıxanı güllələyirdi. Öldürdüyü hər adama görə ona medal verirdilər, amma Luici yenə də xoşbəxt ola bilmirdi. “Əgər Albertonu öldürə bilməsəm”, - düşünürdü: “Bu qədər adamı boş yerə öldürmüş olacam”. Özünü pis hiss edirdi. Hələ də ona növbənöv medallar verirdilər – qızıl, gümüş...

Luici götür-qoy edirdi: “Bu gün bir-ikisini öldürərəm, sabah bir neçəsini, ən axırda sayları azalar və bu əclafın da növbəsi mütləq gəlib çatar”.

Amma Luici Albertonu tapa bilməmiş düşmən təslim oldu.

Luici heç nədən o qədər insanı öldürdüyünə görə özünü çox pis hiss edirdi. İndi sülh dövrüydü. Aldığı bütün medalları çantasına doldurub düşmən ölkədə ölənlərin arvad-uşağına, yaxınlarına paylayırdı. Belə günlərin birində Albertoyla qarşılaşdı. “Həə, axır ki, əlimə keçdin, gec olsun, güc olsun”, - deyib Albertonu öldürdü. Luicini dərhal həbs etdilər. Cinayəti sübuta yetirildi və onu edam elədilər...

Məhkəmədə vicdanının səsini dinlədiyini dəfələrlə təkrar etmişdisə də, heç kim ona inanmamışdı.

Tərcümə etdi: Cavid Ramazanlı

Kultura.az

# 2224 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news