İtimiz də öldü, yoxdu xəbərin...

İtimiz də öldü, yoxdu xəbərin...
calendar 27 noyabr 2014
clock 13:08

Kulis.az istedadlı şair Şəhriyar del Geraninin “Köhnə şeirlər”ini təqdim edir

sonuncu sevgi şeiri...

sənnən mənə bircə küçə qaldı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qaldı unutmağa,
bircə pişiyimiz vardı darıxmağa,
sən bilmədin,
bir oğlan gələrdi hər axşamçağı
avtobus dayanacağına,
sən olmazdın,
sənsizlik yaşardı bütün dayanacaqlarda...

siqaret közərərdi barmaqlarında,
saçları pırtlaşıqdı,
çəkməsi deşikdi,
pencəyi inişilkidi...
təkcə unutmağı təzədi,
bəstəboydu, gözləri qonurdu,
sol yanağında batığı var unutmağının...

sən bilmədin,
bu şeir barışmaq üçündü,
hamıyla, tanrıyla,
yaşamınla da.
yəni, gülümsə qucaqlayıbən bütün gileyi
anamın canında dolaşan ağrıları kimi,
səhərəcən veyildənirdi Təbriz küləyi...


indi yığışıb təkadamlıq yatağıma,
nigaranlığıma toxunuram.
gecələr ağlamaq, düşünmək romantiklərin işidi
mənsə gecələr gülümsüyürəm.

uşaqlığım səadətlə keçib,
bunu özümsüzlüyümdə bilmişəm.
oyuncaqlarım olmayıb
anamın əlləriylə oynamışam.
saymaq öyrənmişəm,
əl tutmaq, əl öpmək, əl sığallamaq öyrənmişəm uşaqlığımda,
və bir də
oyuncaqsızlığımda.

səndən mənə bircə küçə qalmışdı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qalmışdı unutmağa,
bircə pişiyimiz vardı darıxmağa...

sən bilmədin,
bu şeir barışmaq üçünüydü,
hamıyla, tanrıyla,
yaşamınla da,
yəni gülümsə qucaqlayıbən bütün gileyi...
anamın canında dolaşan ağrıları kimi,
səhərəcən veyllənirdi Təbriz küləyi...


indi, yığışıb təkadamlıq çarpayıma,
gülümsüyürəm,
məktəb vaxtlarım da yaxşı keçib.
bunu da dünən xatırladıb böyük bacım.
yox, bufet tanımamışam,
çantamda iki dilim çörək olub həmişə.

məktəbli şəkillərində kənarda dayanmağım
bir az müharibə sonrasıydı,
bir az atamın borcuydu,
sələmçilərin döyməsiydi darvazamızı sakit qış günləri.
anam deyirdi:
onsuz da sonralar maraqsız görünür
aşağı sinif şəkilləri.
sonra boynumu qucub
yenə nəsə demək istəyirdi,
amma heç vaxt demədi...

indi boylanıb qalmışam
anamın əllərinə,
o iki dilim çörəyə,
bir də aşağı sinif şəkilllərinə...


sən bilmədin,
səndən mənə bircə küçə qaldı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qaldı unutmağa.
bircə pişiyimiz vardı darıxmağa…

hüznlüydü türkülər,
hüznlüydü filmlər,
istəklər də, ayrılıqlar da həminkiydi...

qayıda bilirsən qayıt,
bacarırsan gəl...
gəl unutdur şəkillərdəki səadəti,
gəl unutdur özünsüzlüyü,
dözümsüzlük yaşar otağımda, dözümsüzlük -
divara yumruq vurmaq kimi,
səhərə yaxın yatmaq,
günorta oyanmaq kimi səliqəsiz yaşantılar...
unutma,
sənə olan sevgimdə,
içib küçədə yıxılmaq da var...

sən bilmədin
bu şeir barışmaq üçünüydü,
hamıyla, tanrıyla, yaşamınla da,
yəni gülümsə qucaqlayıbən bütün gileyi,
anamın canında dolaşan ayrılıqları kimi
səhərəcən veyllənirdi Təbriz küləyi...

Təbriz 2012

Ömür dediyin...

ney qamışı çağıran tək
harayladım mən səni.
heç bilmədin uzaqların
harasında yoruldum...

namaz üstə təkrarlanan
dua kimi – adını
çəkib, döyüb dizlərimə
hücrələrdə duruldum...

buludlardan bezib yağan
bu sərsəri yağışlar,
göy üzünə qayıtmırsa
demək, olmur dediyin...

bir ömürlük darıxmaqdı
daha səndən sonrası.
pəncərədən boylanmaqdı
indi, ömür dediyin...

Yoxdu xəbərin...

başımı qatmışam gülüşlərinnən,
əcəb dolaşdırıb bu xəyal məni…
saçının küləyə gələn yerinnən,
arabir sığal çək, yada sal məni…

hələ sən gedəli qolum qurudu,
itimiz də öldü, yoxdu xəbərin…
qonşumuz Gülbacı nənə var idi,
onu da bu payız yağış apardı…

dalıyca ağlayan kimsəsi yoxdu,
təkcə, şüşəbənddə durub boylanan,
yağqabı dibçəklər yoldu gülünü.
mən də yasa batıb saqqal saxladım,
mənə hamı güldü, yoxdu xəbərin…
hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,
yoxdu xəbərin…

gəlib xatirələr ayağıyalın,
döyər gah qapını, gah pəncərəni,
gözləri üşüyən kor çəkməçiyəm,
bircə pərdəni çək… gör utan məni…
ikicə gözümnən sənə boylanan,
hansısa özünnən xəbər al məni…

hələ…
hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,
yoxdu xəbərin…

İmişli 2011

# 3609 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news