Sən olduğun şəhərdə neçəyədi darıxmaq?

Sən olduğun şəhərdə neçəyədi darıxmaq?
calendar 26 iyul 2013
clock 10:15

Kulis.Az Şəhriyar Hacızadənin N saylı hərbi hissədən göndərdiyi “Bütün küçə uşaqlarına” adlı şeiri təqdim edir.


bütün küçə uşaqları mənim uşaqlığımdı,
o tindəki sərsəriyə ilıq-ilıq gülümsə...
bütün küçə uşaqları mənim uşaqlığımdı,
onda hələ nə kişiydim, nə qadındım...
onda hələ nə dostlarım, nə də mən “kimsə” idik,
onda ələ salardıq biz oğlanları, qızları
enməmişdi kişiliyə, qadınlığa ruhumuz...

sən də qıvrım saçlarınla xırda küçə qızıydın
anamızdan gizlənərdik, ölməmişdi anamız...

bir de görüm əllərin, ayaqların necədi?..
bir de görüm nənənin pensiyası artdımı?
düz deyirsən - allah haqqı... elə xatirimdəsən...
çənəndə yumru batıq, sol dizində çapıq var,
atan – oğraşın biriydi, yazıq anan sətəlcam...
onda əcəb soyuq idi, onda əcəb qışıydı
onda küçə uşaqları küçə yaraşığıydı...

yenə bu məşum günlərin yaz ətirli sonrası,
bu “sonrada” səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç kimimdin – qucağımın anası,
sən gedəndən qəribsəyib, yetim qalıb qucağım...

gözümdən uzaq düşmüsən, niyə uzağ düşmüsən?..
solum iflic gəzir, sağım yenə tüfeyli...
gözündən uzaq düşmüşəm, elə pisdi bu uzaq
yerin dibinə aparır bu şaquli darıxmaq...
sənə sarı dartınmaqdan tikə-tikə olmuşam,
bir ovucam təkliyimd, kimindi ki, bu təklik?..
bədənim ki uçuşan məktub parçalarıdı...

daha kimisə sevməyə vicdan haqqı üzüm yox
sən ki məni düşünməzsən-daşınmazsan... sözüm yox...

bir de görüm əllərin, ayaqların necədi?..
günəşi sənsiz gecənin “alçaq” olur gecəsi...
heç bilmirəm bədənimdə kimi gəzir qollarım,
nə axtarır qollarım...
“başıbatmış” dilənçidi nə vaxtdandı qollarım...
bir de görüm, mən ölüm, necə keçir darıxmaq?
sən olduğun şəhərdə neçəyədi darıxmaq?..

yenə bu məşum günlərin yaz ətirli sonrası
bu “sonrada” səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç kimimdin – qucağımın anası
sən gedəndən qəribsəyib, yetim qalıb qucağım...
allah haqqı düz deyirəm, elə xatirimdəsən...

# 3797 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news