Çox da xoca olmusan, adam hara, sən hara?!

Çox da xoca olmusan, adam hara, sən hara?!
calendar 2 yanvar 2015
clock 08:30

Kulis.az şair Qismətin tərcüməsində Ömər Xəyyamın bir neçə rübaisini təqdim edir.


İçin təmiz deyilsə, vurnuxma ora-bura,
Çox da xoca olmusan, adam hara, sən hara?!
Başa düşdüm gözəldi: xirqə, təsbeh, səccadə...
Tanrı aldanarmı heç səncə bütün bunlara?


Hardasan? Yorulmuşam, səs ver mənə, bir az səs,

Hanı sənin işığın? Zülmətin qara qəfəs.

Cənnətini namazla qazanırsa bəndələr,

Harda qaldı de sənin cömərdliyin onda bəs?

Xəyyam, çox günahkaram deyibən batma yasa,
Boşla dərdi-qüssəni, ömür fani, gün qısa.
Gərək günah olsun ki, Tanrı da bağışlasın,
Rəhmət nəyə gərəkdir, əgər günah olmasa.


İnandım ki, böyüksən, çoxdur gücün, qüvvətin,
Min ərməğan vermisən, tükənməyib sərvətin.
Yüz il günaha batıb öyrənmək istəyərdim,
Günahmı əbədidir, yoxsa sənin rəhmətin?


Vallah mən seçməmişəm dünyada yaşamağı,
Ömür nəydi desəniz – heyrətimin artmağı.
Mən könüllü getmirəm gəldiyim bu dünyadan,
Niyə gəlib yaşadıq, niyə gedirik axı?


Düşüncəyə, ağıla dəyər vermirsə həyat,
Ağılsızın olursa pul-para, ev, bağ-bağat.
Gətir şərab gillədək, başdan çıxsın ağlımız,
Bəlkə onda bizi də bəyəndi bu camaat!

# 2347 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news