Və bir gün Tanrı gələcək – ŞEİRLƏR

Və bir gün Tanrı gələcək – <span style="color:red;">ŞEİRLƏR
calendar 2 avqust 2016
clock 11:53

Kulis.az Mintac Elsevərin şeirlərini təqdim edir.

Qəddar mələyim

Hər gecə,
hər gecə yuxuma bir mələk girər.
Çiynindəki tozlu aynadan
kif atmamış arzular,
çirklənməmiş ürəklər,
sahibi başında
ağ bir məmləkət görünər.
Bir mələk girər yuxuma mənim.
Endirər çiynindən
tozlu aynanı,
sevgiylə qarşıma qoyub gülümsər.
Şəst ilə qarşımda boynunu əyib:
- bu ayna sənindir.
ordakı arzular,
təmiz ürəklər,
sevgili gözlər,
sahibi başında bir ağ məmləkət –
sənindir deyər...!
Əllərim uzanar tozlu aynaya
və...
önümdə mələk,
çiynində tabut,
ölən arzular...
Günahkar əllərim,
Qəddar mələyim...

Və bir gün Tanrı gələcək

Və bir gün Tanrı gələcək.

Ağlaya-ağlaya
onu etdiklərində görməyənlərə

sonuncu göz yaşlarıyla.

Göz yaşlarının səsi bürüyəcək aləmi.

Başı göylərə dəyən

bomboz dağın ətəyi

ətraf torpaq içində,

qum üstündə şütüyən

qara atlı qarışqalar

və bir də

bir dəstə çaşqın adamlar.

Müsəlmanı, xaçpərəsti qarışıq,

Hər kəs duyacaq.

Vicdanın, mərhəmətin,

ədalətin, sədaqətin,

hörmətin, məhəbbətin

səsi kimi...

Çaylarında balıqlar,

dənizində yosunlar,

meşəsində ağaclar,

səmasında yağışlar,

gecəsində ulduzlar,

gündüzündə buludlar

qoşulacaq bu səsə...

Kilsəsində keşişlər,

məscidində mollalar,

kələkbazlar və saflar,

şam yandıran tənhalar...

Bir də ilanlar sürünəcək –

Zəhərli və qorxulu yox,

məzlum və qorxaq.

Ağlaya-ağlaya Tanrı gələcək.

Bir əlində azadlığının,

bir əlində sevgisinin bayrağı.

Ya bir yorğan, ya da kəfən tək

Bayraqları üstümüzə çəkəcək,

Sonra milyon ilin göz yaşını tökəcək.

Ağlayacaq, ağlayacaq, ağlayacaq,

İllərdi gördüyü gözəl və qorxulu yuxuya

Möhtəşəm və əbədi yas tutacaq...

Tablo

Burda vəhşiliklər, burda həqarət

Nəşə yenik düşüb bu rəzalətə.

Qəbirlər qazılır ölüm öncəsi

Səadət, hürriyyət olubdu xəstə

Bir qərib yolçunun xurcunu kimi

Azadlıq sallanır çiyinlərimizdən

Ha bu, gün ha sabah düşəcək yerə

Yersə alovlanır, heyhat nə çarə?

Hislər yorğunlaşır, doğur ətalət

Pərişan ürəklər şişir kədərdən.

Nəfsini yenməyə ruhlar dirənir

Fəqət pusqudadır mənfur cəhalət

Ulu Zevs özünün qədim küpüylə

İllərdi oturub yüksək zirvədə

Kiminə xoşbəxtlik kimisinə dərd

Paylayar kefinin hal istəyilə…

# 898 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news