Musa Yaqubun ən məşhur SEVGİ ŞEİRİ

Musa Yaqubun ən məşhur <span style="color:red;">SEVGİ ŞEİRİ
calendar 11 iyun 2017
clock 15:00

Kulis.az “Bazar oxusu” layihəsindən Musa Yaqubun ən məşhur sevgi şeirini təqdim edir.

Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

# 19623 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news