Azıb itən yurdda anamın ahı – YENİ ŞEİR

Azıb itən yurdda anamın ahı – YENİ ŞEİR
calendar 27 noyabr 2017
clock 09:52

Kulis.az şair Nazim Əhmədlinin yeni qələmə aldığıEşqin dərgahına qul olan könül” şeirini təqdim edir.

eşqin dərgahına qul olan könül,

bir gün yıxılarsan qul ağrısından;

açılar butalar, çəkilər duman,

düşər çiyinlərin yol ağrısından;

ruhuma bir dəli nağıl pıçılda,

başıma azacıq ağıl pıçılda;

məni səhralardan çağır, pıçılda,

canımı qurtarım çöl ağrısından;

nədi bu qovğalar, axır, nə bilim,

üzümə kim necə baxır, nə bilim;

hərdən topuq çalır, karıxır dilim,

sözüm acı dadır dil ağrısından;

bu dərdi nə qədər oyum içimdə,

ölümün, itimin, toyun içində;

dünya çalxalanır suyun içində,

dağlar əyilibdi sel ağrısından;

daha nə qalıbdı, bu gələn yaza,

saçımda ağ duman, əlimdə əsa;

bu yol çəkib gedir üzü payıza,

atlar yorulubdu nal ağrısından;

hanı, qul olduğum eşqin dərgahı,

azıb itən yurdda anamın ahı;

tökmüsən üstümə min-bir günahı,

ağla ağrısından, gül, ağrısından.

Bakı şəhəri, 16 noyabr 2017.

# 909 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news