Hər gün daha çox üzülürəm axmaqlığıma ŞEİRLƏR

Hər gün daha çox üzülürəm axmaqlığıma <span style="color:red;">ŞEİRLƏR
calendar 20 may 2015
clock 11:58

Kulis Cəlil Cavanşirin yeni şeirlərini təqdim edir.

Gedə bilməyən adamın şeiri

Hara çıxıb gedəsən?
Getməyə yer də yoxdu...
Vida etməyə adam
Sıxmağa əl də yoxdu...

Daha yazmaq da olmur bu boyda tənhalığı...

Bir az can sıxıntısı
Bir az nigarançılıq
Ürəyim boş, əlim boş
ağlayıram, susuram
Qapı zəngi çalınır, pəncərəyə qaçıram.

Daha darıxmaq olmur, adam kimi darıxmaq...

Mayın tam ortasında üşüyürəm, donuram.
Sıxır məngənəsində məni soyuq divarlar
Bu qapının o tayı günəşlidir, istidir
Hardasa çox uzaqda öləziyən ümid var

Ən böyük faciədir kişi ümidsizliyi...

Sən sonuncu ümidsən
Bu yadlar arasında
Bircə dəfə “getmə” de, qalım birgə yaşlanaq
Bircə dəfə dilindən gözəl səslənsin adım.
Yaxşı xatırlayıram sonuncu gedişimi,
Pencəyimi götürdüm getdim və qayıtmadım...

Bax, getsəm bu küçələr səni darıxdıracaq...

aşıqsayağı

Min işıq yolu uzaqda
Bir özgəyəm, yadam sizə
Bir xeyrim toxunmayıbsa
Niyə dəysin qadam sizə?

Hanı sözü bilən kəslər?
Bəhmənkəslər, filankəslər
Mənə şeytan deyən kəslər
Axı, deyir adam, sizə.

Dilləndim aşıqsayağı
Atdım qələmi, varağı
Bu nadinc, şıltaq uşağı
Mən necə tanıdam sizə?

Ölməmişdən itmişəm ki,
Tükənmişəm, bitmişəm ki,
çıxıb sizdən getmişəm ki,
Yenidən qayıdam sizə,
Axı hələ yadam sizə...

Oğluma deyə bilmədiklərim...

Mən sənə nə verdim ki?
Ancaq uşaqlığından, sevincindən, gülüşündən oğurladım
Sənə yalanlar danışdım uzun qış gecələrində
Keçmişsiz və gələcəksiz günlərimizdə
Danışdığım bütün nağıllar yalandı, oğlum
Gözlərinin dərinliklərindəki kədəri verdim sənə
Bir də əsəbi qışqırıqlarım qalacaq yadında
Bir az da üzüləcəksən
Bağışlamağın ölmək qədər çətin olduğunu anladığında…

Sən bir ömürlük yanımda qalmağımı istədiyin halda
Mən qaçmağı seçdim
Sən mənsiz darıxdığın gecələrdə
Mən sərxoş olanacan içdim…
İçdim ki, göz bəbəklərin girməsin yuxuma
İçdim ki, hıçqırıqlarını eşitməyim
İçdim ki, sənsizlikdən ölməyim…
Sənə heç nə verə bilmədim…
Əvəzində özümü də götürüb getdim…
Getdim ki, geri dönməyim…

Qucağıma sığınıb baxdığın filmlərin kiçik qəhrəmanlarına
Atasız və anasız uşaqlara birlikdə ağlamışdıq
Evsiz adamlara üzülmüşdük,
İşsiz ataların çarəsizliyini anlamışdıq…
Heç vaxt qəlbinə dəyməmişdim, dəcəlliyinə gülmüşdüm
Oynadığımız bütün oyunlarda, sənə qəsdən yenilmişdim
Və birlikdə olduğumuz o xoşbəxt günlərdə
Qoxunu içimə çəkmişdim, qızılgül qoxusu kimi
Boyuna baxıb sevinə bilməmişdim bütün atalar kimi,
Gecələr yuxusuz qalan da dərman əvəzi
Barmaqlarının ucundan öpmüşdüm…

Sənə bir şeir də yazmamışdım, qoxuna büründüyüm günlərdə
Sənə kitablar oxumuşdum, nağıllar danışmışdım
Və bir də dəcəlliyindən danışmışdım hamıya
Yanında ağlamışdım…
Gücsüzlüyümü, çarəsizliyimi, bacarıqsızlığımı anlamışdım…
Sənə yalan danışmışdım oğlum, yalan danışmışdım…

İndi telefonda titrəyən səsinlə gəl deyirsən,
Gedişim, dünyanın ən ağır yükü kimi,
Çöküb çiyinlərinə
Səsin dünyanın ən kədərli nəğməsi kimi içimi göynədir
Göz yaşlarım süzülür yanaqlarıma
Və hər dəfə ölüb yerə girirəm,
Peşmanam səni üzdüyümə, aldatdığıma…
Və nifrət edirəm özümə,
Və hər gün daha çox üzülürəm axmaqlığıma…

# 3112 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news