Saxlamışam yadımda öpüşlərin dadını – Rəbiqədən yeni sevgi şeirləri

Saxlamışam yadımda öpüşlərin dadını – Rəbiqədən yeni sevgi şeirləri
calendar 4 sentyabr 2019
clock 17:31

Qurban olum...


Aramızda hər nə var, sərhəd dirəkləridi,
Qurban olum, dəyişmə xəritəni, orda qal...
İndi gülüşün güllə, öpüşlərin mərmidi,
Toxunsa da öldürməz, yaralayar, yandırar...

Mənim dəli köynəyim çoxdan sökülüb gedib,
Qurban olum, çıxarma sandıqdan yenisini...
Səndən yaxşı kim varsa, hamısı ölüb gedib,
Bir də, nə fərqi axı, yaxşısının, pisinin...


İndi bütün yaralar sarğılara sarılıb,
Qucaqlama, sağalmaz, bir az da bərk ağrıdar...
Bütün sevgilər çoxdan ürəyimdən ayrılıb,
Keçiblər sən tərəfə - ayağının altına...


Qurban olum əlinin saçımdakı izinə,
Qurban olum əlinə, saçlarıma toxunma,
Qurban olum, danışma, qurban olum sözünə,
Qurban olum, eşitmə, qurban olum, oxuma.


Min sualım varıydı, bir cavaba dəyişdim,
Sən də heç nə soruşma, nə düşünsən, doğrudu.
Bizimki belə gəldi, bu da bir cür gərdişdi,
Min söz doğmuşdum bəlkə, indi yüz söz boğulur...


Aramızda hər nə var, sərhəd dirəkləridi,
Qurban olum, dəyişmə xəritəni, orda qal...
İndi gülüşün güllə, öpüşlərin mərmidi,
Toxunsa da öldürməz, yaralayar, yandırar...

Buludla dumanın fərqini izah edən Adiləyə

Beynimdəki duman çəkiləndə görürəm

içimdə buludların bir-birinə qısılıb yatdığını.

Yağışlar yağmır, Adilə...

Mən göyümü dəyişmək istəyirəm,

“Qoy Günəşin bağrı şan-şan olsun,

Ayın ləkə tutsun gözünü, görməsin,

Ulduzlar ölsün!” demək istəyirəm…

Dünən yuvama getmədim,

Səhər çiçək talasından çıxanda

zümrüdgözlü mələyin,

“Bax gör nəyin qaldı” soruşdu.

Başımın sağ küncündəki ağrıdan tutdum,

Solumdakı yaraya baxdım,

Sağımda sarğı olmaq istəyən
sancıya qarışdı fikirlərim.

Gülümsədim.

“Hər şey qaydasındadı” dedim.

Hər şey qaydasındadı, Adilə.

Mən yerimi dəyişmək istəmirəm,

Göylər hara gedir-getsin…

Yuxudan gələn şeir


Gecə bizim evimizə dönmüşdü,
Küçə qəfil itirmişdi adını.
Qollarını otaq kimi açmışdın,
Məni alıb, bağlamışdın qapını.
Yaxşı-yaxşı saxlamışdım yadımda
Öpüşlərin qoxusunu, dadını.
Demişdin ki, nə istəsən, pıçılda,
Qaçırmışdım kəlmələrin sapını.
Donub elə yerimdəcə qalmışdım,
Çəkənədək adını o qadının.
Saçlarıma qonaq gələn əllərin
Söz vermişdi, söz çıxmışdı dilindən.
Məni belə qurtarmışdın zülümdən,
Məni belə saxlamışdın ölümdən.
Süpürmüşdün, silmişdin şübhələri,
İnanmışdım, könlümün şüşələri
Açılmışdı, dolmuşdu bu şərəfə.
"Nə dilərsən, dilə məndən" demişdin,
Yalvarmışdım: "Getməyək bir tərəfə".
Qorxmuşdum ki, yer ayrılar yerindən,
Birdən gecə paltarını dəyişər.
Birdən saat əqrəbləri ilişər
Gözlərinə, hər şey düşər gözündən.
Gecə bizim evimizə dönmüşdü
Küçə qəfil itirmişdi adını,
Yuxumda da elə belə görmüşdüm
Danışdığım bu yarımçıq nağılı.

k. üçün

Dostlarım yuxuda

Kölgəyə sevinən fənəri qısqanır küləklər.
Söndürmə sonuncu ümidi...
Qoy çəkək bu yükü.
Ciyərlərin yükü bir nəfəs.
Bir nəfəs... Nəfəslik...
Nə yaman təmizdi...
Təmizdi... hava...
Nəfəslik açılsa...
Yatıblar dostlarım...
Dostlarım yuxuda...

Şəhərə layla tək yayılır kəlmələr...
Mən... səni... Sevirəm... Mən... səni... Sevmirəm...
Gülüşlər tökülür hansısa binadan
Göz yaşı yığırlar yollardan adamlar...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...

Yellənir pərdələr otaqdan küçəyə.
Yığmıram süfrəni. Hardansa ditdili
uzanır qolumun üstünə
Didib tökür məni...
Qolumu çəkmirəm...
Köynəyin açılır hardasa.
Sancaqla. Görürəm.
Sancaqla, görməyim...
Yadıma düşürsən...
Danışa bilmirəm...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news