Kulis.az “Sözün Güneyi” layihəsindən Güney Azərbaycanlı şair Aynar Təbrizlinin şeirlərini təqdim edir. Əsl adı Maede Salehinezhad olan müəllif 1999-cu ildə Təbriz şəhərində anadan olub və hazırda da Təbrizdə yaradıcılığını davam etdirir.
***
Sapasağlam 
Ayaqdayam hələ də...
Qollarıma yaraşan hər qolbağımın 
cingiltisidir azadlıq
Qadınam 
Qarabağ boyasında,
əsdirin bayrağımı Təbrizin gizli vulkanında...
Qızcığaz etirazlarıma 
Ay ulduz çəkim!
***
Əl çəkdim 
qadınlıq cizgilərindən
Daşını atdım gizlənpaç sözcüklərin...
Kişisəl sevdim səni
Vətənim kimi
Özgürcəsinə,
Aydıncasına sevdim səni!
Gəl imza ataq 
Son qoyaq diktatorluğun 
Burma bığlarına...
Gəl bərabər 
Terrorlanaq 
ana dilimizə
Və dans edək azadlığı 
İnqilab paltarında...
***
Göz yaşlarım süzməsin deyə
Yumdum sevgi gözlərimi!
Səni qatıram qəhvəmin dərinliyində
Uduram şəkərsiz sevginin boğumtul dadını!
Boğulur tiroidimdə qırmızı yalanların...
On bir xəbərindən eşitdim,
Cızıqlanıb mənə döndüyün yollar
Hələ də duruşuqlu
Hələ də dikdir əzilmiş qadınlığım!
Elə acıqlı sevirəm ki səni!..
***
Pəncərəm də düşünür
Yelin çırpıntısı
Tam ayrılıqdan deyil!
Hərdənsə yalqızlıqdan üşüyür dörd divarım!
Bəzən bir gediş qorxusundan 
Boşalır içki qabları
Sızıltılar...
Ooof... sızıltılar da bütünlükcə sümüklərin deyil...
Kim düşünmüşdü səslərin fəlsəfəsini?
Bəzən sarımtıl yapraqların 
əsintisidir pəncərəmdə
Bəzən qısır yolların gediş xəbəridir səslər...
Gah da səssizlikdir 
Bütün səslər!
Gecələrin
uğursuzca qızarmış dərisidir pıçıldaşır qulaq taxcamda
Nə yazıq ki,
qucağında bir çimdik də yer yox 
Darıxan barmaqlarıma!
Mən,
Gecələrin alnının təri
Süzülmədim heç şüşələrin buğlarından...
Darım-darım dağılmışıq 
Həyatın açıqcasında...
Və 
Son 
qoymuşuq çoxdandır
Bu sonsuz 
Həyatın
Üç nöqtəsinə...
***
Sən də bilirsən 
Küçə başındakı
bığlı kişilərin
Yuxusundayam
hər gecə!
Bilirsən
Anamın hirsini çıxarır
Dik dabanımın taqqıltısı;
Ayağımda əzilən gilaslar 
Utanır dodağımın qırmızılığından!
Ya vəhşicə alnıma dağılan 
Buruq saçlarımın dansını görürmüsən havada?
Sən də düşünürmüsən 
ilk dəfə 
məni necə öpdüyünü?!
istədim deyəm ki,
Düşüncəndən öpürəm!
Sən də yaxşı bilirsən
Geniş deyil
Küçəmizin dünyası!
Bilirsən ki 
inqilabımdan qorxurlar
Bütün siyasətçilər!
Bilirsən ki
Bilərziklərimdə səslənir
Şəhərin 
romantika etirazları!
Sənsizlikdir qorxum;
Olmasaydı
Nə aclıqdan, nə susuzluqdan qorxardım...
Qəzetlərdə yazardım
Əsarətlərdən 
qaçmaq üçün 
Öldürüldü
Bu qadın...!
 
 
                                                     
         
                                                     
                             
                             
                             
                             
                            