Orxan Fikrətoğlunun “İtki”si

Orxan Fikrətoğlunun “İtki”si
calendar 15 dekabr 2014
clock 18:06

Bilirmisiz nələr oldu? Ötən həftə Yuğ Teatrında “Fəna” adlı tamaşanın premyerası keçirildi...

Tamaşa pis idi, yaxşı idi, bunlar bir tərəfə. Amma soyuqda, qaranlıqda adamların teatra inanıb ona doğru addımlamağı nə qəribədir... İnsanların işığa can atmaları. Bu işıq nə qədər zəif olursa, mənzərə o qədər gözəldir. Çünki, tamaşadakı qəhrəmanın dediyi kimi “quş qanadına inanır, insan ümidinə”.

Rejissor Mir Sahib yazıçı publisist Orxan Fikrətoğıunun “İtki” hekayəsi əsasında səhnələşdirdiyi “Fəna” tamaşasını “bir nəfəslik mərifət oyunu” kimi təqdim edib. “Mərifət oyunu” nədir? Bu da təzə janrdır? – deməyə tələsməyək.

Proqramda tamaşanın janr təyinində yalnız komediya, faciə və ya dram görməyə alışıq tamaşaçılar az-az olar Yuğda. Amma olsa da olsun. Bu təyini sadəcə oxuyub, keçməli. Bu tamaşanın necəliyinə dair bir eyhamdır, başqa bir hoqqa axtarmaq gərəkməz.

Bəs niyə “mərifət oyunu”?

Mərifət təsəvvüfdə kamilliyə bir pillədir. Tamaşanın özünü itirmiş, bu itkini qəfil dərk etmiş qəhrəmanı üçündür. Qasım Nağı bu qəhrəmanını itkinin təşvişinə salmağa çalışır: harada nə zaman oldu deyə.

“Belə götürəndə normal adamam – deyir - nə pisəm, nə yaxşı. Deyim ki pisəm? Yox. Deyim ki yaxşıyam? Yox. Başım pul qazanmağa qarışıb. Yıxılana təpik çalmışam, ucadan danışana çəpik...”. Əsl zəmanə qəhrəmanıdır ha, yox? Demək belə birisi birdən hiss edir ki, özünü itirib. Mövcud ola-ola yox olub gedib. Yox olub. “Güzgüdən ona sönük, çəlimsiz, sözü, əməli içində sınıb qalmış qorxaq bir adam baxırdı”. Yuğçular O.Fikrətoğlunun mətnini parçalaya-parçalaya deyir. Əlbəttə, mətnə əlavələr də var.

Mizanlar səhnədəki bir mizin dövrəsində qurulub. Adam (Qasım Nağı) özünü ora-bura vurur. İtirdiyini soraqlayır - arvadından (Natəvan Qeybani) xəbər alır. Dostu da arvadı da, sən demə, müdrik adamlar imiş: onun özünü itirdiyindən həm də 20 il qabaq itirdiyindən xəbərləri var imiş. Dayan, dayan.... Bəs bu adamlar belə müdrikdirlərsə, belə hər şeyin fərqindədirlərsə onunla-daha doğrusu özünü itirmiş adamın yerindəki boşluqla necə yaşayıblar? Sual mənasızdır. Çünki tamaşa bu sualın dalınca düşmür. Dostu qəhrəmana “hamı belə edir, yaşa getsin” deyir, arvadısa hansısa filmdə aktrisanın gördüyü ayaqqabıdan istəyir.

Qasım Nağı hərəkətlərini təkrarlayır - bu onun itki həyəcanına saxta bir pafos qatır. Hal rəqsi səhnəsi də mərifətə qədəm qoyan qəhrəmanların halından çox immitativ təsir bağışlayır.

Bu, aktyordan çox, verilmiş materialdan asılıdır. İtki dərki və mərifət məqamı arasında dramaturji və səhnə boşluğunu doldurmaq aktyor imkanları xaricindədir.

Qəhrəmanları (eləcə də tamaşaçıları) mərifət məqamına yetişdirmək daha çox musiqinin üzərinə düşüb. Və deyəsən alınıb da. Novruz Novruzlunun ifası finalı daha vurucu edir. Aktyorlar seçilmiş tamaşaçıları səhnədəki mizin ətrafında əyləşib çay içməyə və söhbət etməyə dəvət edirlər. Adamlar çay süfrəsi ətrafında əyləşir. Əslində bu daha bir tamaşa olmalıdır. Ətrafında bu qədər adam yerində əyləşib sənin stol ətrafında çay içməyini izləyirsə nə etməlisən? Bu stolda əyləşib çayla söhbət etmək haqqını qazandıran ziyalı tipini oynamalısan. Bizim seçilmişlər bundan mümkün qədər tez imtina edirlər...

“Fəna” günü-gündən konformistləşən, gücə, pula tapınan kapitalist cəmiyyətdə ruhunu düşünmək üçün balaca bir fürsət, kiçik bir xatırlatmadı. Bu vurhavurda ruhu kim xatırlayır ki? Pul desən, hə. “Heç kim pulunu itirmək istəmir” – tez-tez bu cümləni söhbətində istifadə edən tanış qadın var. Onu az qala hər gün çeynədiyi həqiqətindən onu necə qoparmaq olar? “Yerini doldurmaq mümkün olmayan itkilər var”- deməklə deyil. Üz tuturuqsa, teatr ruhumuzu soraqlamalıdır...

Qaldı “Fəna”ya. Tarixən hamam olmuş binaya - Yuğa adamlar yenə də təmizlənməyə-ruhunu təmizləməyə üz tuturlar. Bunun nəyi fənadır?

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news