Zidanı “Liverpul”da oynadan rejissor

Zidanı “Liverpul”da oynadan rejissor
calendar 18 fevral 2014
clock 13:05

İki gün əvvəl Emir Kusturitsanın “Həyat möcüzədir” filminə baxdım. Hələ də təsiri altındayam. Filmin soundtrack-i (saundtrək) beynimdə fırlanır. Fikirləşirəm, görəsən, Kusturitsanın filmləri niyə adama belə təsir edir, niyə adamın qəlbinə toxunur?

Bəlkə ona görə ki, onun filmlərində həyat olduğu kimidir. Kapitalizm, sosializm, anarxizm hələ gəlib onun filmlərinə çatmayıb. Ümumiyyətlə, bu filmlərdə konkret bir “izm” yoxdur. Müasir mədəniyyət nailiyyətləri Kusturitsanın filmlərindən yan keçib. İnsanlar səhər-səhər durub işə getmir, heç kim sabahı fikirləşmir, həyat hələ mexanikləşməyib, insanlar robotlaşmayıb. İnsan xaotikliyi onun filmlərində hələ də yaşayır. Təsadüflər hər şeyi həll edir. Heç kim atdığı addımı ölçüb biçmir. Həyatın fonundakı musiqinin səsi hələ sönməyib. Onun filmlərində həyat karnavaldır, kasıblar varlılardan daha xoşbəxtdir. İnsanlar bir-birini sevir, aldadır, xəyanət edir, yenə sevir, yenə aldadır. Onun filmlərində insanlar olduğu kimidir.

İnsanlar sərhəddə yaşayır, müharibə ilə sülhün, ölümlə həyatın, sevgiylə nifrətin. Amma həm də insanlar bu sərhədlərin o tayında yaşayırlar. Kusturitsanın filmlərində həyat hər şeyə rəğmən davam edir.

Bəlkə elə buna görədir ki, Kusturitsa filmlərində “qaraçı mədəniyyəti”nə bu qədər yer verir. Qaraçı mədəniyyəti (və ya mədəniyyətsizliyi) kimi onun filmləri də dünyada baş verən proseslərdən özünü qoruya bilib. Dünyada müharibələr, qırğınlar, ideoloji savaşlar, mədəniyyətlərarası toqquşmalar baş verir, Kusturitsanın filmləri və filmlərindəki həyat isə heç nə olmayıbmış kimi, öz axarı ilə davam edir.

Kusturitsanın “The No Smoking Orchestra” qrupunun “Life is a Miracle” mahnısındakı sözlərdə olduğu kimi, onun filmlərində Zidan Liverpulda oynayır. Orada hər şey mümkündür. Kusturitsanın filmlərində HƏYAT MÖCÜZƏDİR!

Zaur Baxışlı

# 1525 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news