Rəsul Rza Anarın bu ssenarisini pisləmişdi

Rəsul Rza Anarın bu ssenarisini pisləmişdi
calendar 6 yanvar 2018
clock 09:00

Kulis.az “Naməlum kino” layihəsində Şamil Mahmudbəyovun 1967-ci ildə çəkdiyi “Torpaq. Dəniz. Od. Səma” bədii filmini təqdim edir.

Film dörd hekayə üzərində qurulub. Hər hekayə dörd ünsürlə (torpaq, dəniz, od, səma) bağlanaraq, eyni nəslin taleyini təsvir eləyir.

İlk hekayədə müharibədən əvvəlki dövrdür. Dənizkənarı qəsəbələrdən birində baş verən əhvalatda torpağa sevgidən söz açır. Ailənin ağsaqqalı Kərim baba (İsmayıl Osmanlı) bar verməyən torpaqda usanmadan ağac əkir. Oğlu Əli (Ələddin Abbasov) isə atası faydasız işlə məşğul olduğuna görə onunla mübahisə eləyir. Balıqçılıqla məşğul olan Əli oğlu Kamili (personajın uşaqlığını Kamran Rəcəbli oynayır) bağban kimi yox, balıqçı görmək istəyir.

İkinci hekayənin rəmzi dənizdir. Kamil artıq böyüyüb (Ələsgər İbrahimov), o, da atası kimi dənizə vurğundur. Amma balıqçı yox, dənizdən neft çıxarmaq arzusundadır və bu arzusunun dalınca gedir.

Üçüncü əhvalat odla bağlıdır. Kamil rəssam Sevda (Fidan Qasımova) ilə ailə qurur. Amma toy günü müharibə başlayır. Kamil müharibəyə gedir. Bu müddətdə oğlu Murad (uşaqlığı Vaqif Həsənov oynayır) doğulur…

Nəhayət, dördüncü əhvalatın əsasında səma dayanır. Kamilin oğlu Murad artıq böyüyüb (Fikrət Əliyev). O da öz arzusunun arxasına gedərək təyyarəçi olur.

Bu film - milli kinomuzda “Şərikli çörək”, “Qaraca qız”, “Skripkanın sərgüzəşti” kimi maraqlı ekran əsərləri yaradan Mahmudbəyovun ortabab işidir.

Sxematik qurulan film mətnin illüstrasiyası kimi çəkilib. Birinci hissədə dialoqlar vasitəsilə təbiət haqda məktəb dərsliyi səviyyəsində bilgi verilir. Vəziyyətlərdə dərin mizanlar, situasiyanı, obraz açan rakurs yoxdur. Filmdən yaddaqalan yalnız bir səhnə oldu: kişilər tufana düşəndə qara geyimli qadınlar həyəcanla dənizə baxır və bu səhnələrin paralelliyi real gərginlik effekti yaradır.

Süjetdə qırıqlıq var: Kamilin anası (Tamara Kokova) oğlunu Solmazla (Sevda Əliyeva) evləndirmək istəyir. Solmaz da Kamilə duyğularını büruzə verir. Ancaq bu xətt qırılır, Əli harasa yox olur.

Filmin ssenarisini Anar yazıb. Ssenari haqda atası Rəsul Rzanın fikirləri maraqlıdır:

"Ani bala, ssenarini oxudum, diqqətlə, aramla. Ümumi təsirdən deməmiş bir neçə qeydimi sənə yetirmək istəyirəm. Ssenarinin bir çox yerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu ilə getmisən. Doğrudur, kino bütün ədəbi növlərdən ən çox prozaya yaxındır, ancaq eyni deyil, məhz yaxındır. Qayaların təsvirində kompanovka yoxdur. Burda və bütün əsər boyu unutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir...

...Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqında demək olar. Sən bu epizodda bir boşluq, cansıxıcı ətalət, fərəhsiz həyat mənzərəsi vermək istəmisən. Tapdığın detallar arasında yaxşıları az deyil. Ancaq bütün uzun gəliş səhnəsi, ağaclar, onları əkmək və sairə artıqdır, kinematoqrafik deyil.

Bu səhnə çox sonradan başlaya bilər...

...İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur...

...Burda gərək torpağın sakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğu və s. göylərin dərinliyi, soyuqluq və tənhalığının insan nəfəsi, insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin əzəməti, suyun həyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı, təmizləyici qüdrəti aydın hiss olunsun. Bütün bunlar ümumi və mücərrəddir. Ancaq daxili məna belədir, bunun əyani əvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sıra yerdə bunlar var. Ancaq tapılmamış, fikri yayındıran, əsas ideya və məqsədə xidmət etməyən yerlər çoxdur. Mən səhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə aiddir.

...Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüş orijinal bir şeyin konkret ifadəsində tələsmisən. Əsərdə əvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğmənin poetik, fəlsəfi ifadəsi (voploşenie) çox yerdə qırılır. Texniki detallar, bıtovoy təfərrüatla dumanlanır, yolundan çıxır. Rəngli boya ilə çəkilmiş lövhələrdə qrafik cizgilər görünür, bəzən fırça ilə çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətt taxtası (lineyka) ilə çəkilib. Bu ideal düz xətt əsərin mahiyyətinə uymur, bu xətlərdə olmayan kələ-kötürlük, əyrilik əsərdən qoparılmış canlı bir parça kimi hiss olunmur”.

(“Sizsiz” əsərindən)

Filmin operatoru Rasim İsmayılov, bəstəkarı Rauf Hacıyevdir.

# 2181 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news