Məmmədrza Şeyxzamanovun xatirə gecəsi keçirilib

Məmmədrza Şeyxzamanovun xatirə gecəsi keçirilib
calendar 5 noyabr 2015
clock 10:32

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət bildirib ki, Azərbaycan teatr və kino sənətində M. Şeyxzamanovun müstəsna xidmətləri olub: “Sevinirəm ki, Məmmədrza Şeyxzamanovun xatirə gecəsi onun doğma teatrın keçirilir. Məmmədrza müəllim nəhəng aktyor kimi adını teatr və kino tariximizə qızıl hərflərlə yazdırıb, onun bütün rolları yaddaqalan olub”.

Xalq artisti Ağakişi Kazımov M. Şeyxzamanovla bağlı xatirələrini danışıb, sənətkarı böyük obrazların yaradıcısı kimi dəyərləndirib.

Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artist Elxan Qasımov sənətkarın kino və teatr fəaliyyətindən, onların səhnə həyatında oynadığı roldan danışıblar.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına verilib.

Yubilyarın qızı Afaq Şeyxzamanova atası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edib.

1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news