Mir Şahinin şeiri MƏTN

Mir Şahinin şeiri MƏTN
calendar 5 fevral 2013
clock 10:13

Kulis.Az tanınmış jurnalist Mir Şahinin “İlan və kirpi” şeirini təqdim edir:

"İlan və kirpi"


İlanlar doğulur kirpilər üçün,
Zəhərlər kəsərli, iynələr iti...
Amma hər ikisi dərmana dönür,
İlanın zəhəri, kirpinin əti!

Deyirlər kirpiyə sığal yaraşmır,
Deyirlər ilanın imanı yoxdur!
Heyrətdən kirpinin saçları biz-biz...
Bu gün süfrəsində ilanı yoxdur!

Qıvrılıb, gərilib əsəblər kimi,
İlanlar dolanır yerin belinə!
Tikanı korşalıb daha kirpinin,
İndi dil çıxarır ilan dilinə!

Bir qədəh dayanıb yer kürəsində,
İlanı üstündə qıvrılıb yatır...
Həmişə belədi: Xəstə dadına,
Gah zəhər yetişir, gah iynə çatır...

Kirpi nə bilsin ki, canında onun,
Elə ilanların şəfası gəzir,
İlan nə bilsin ki, onun dalınca
Şəfa təqib edən bir kirpi əsir!

Canını qoymağa yer tapmır daha,
İlan da qıvrılıb qovur özünü!
Sonra öz boynuna dolanıb sıxır,
Sıxır boğazını, boğur özünü!

Beləcə qovaraq biri-birini,
Kirpilər, ilanlar gedirlər yola!
Və kirpi yanaşır aptekə birdən:
Xanım, sizdə ilan zəhəri olar???

view 4742 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news