Məmməd Arazın “Vəsiyyət”i

Məmməd Arazın “Vəsiyyət”i
calendar 14 oktyabr 2013
clock 12:01

Kulis.Az bu gün 80 yaşı tamam olan Xalq Şairi Məmməd Arazın “VƏSİYYƏT” şeirini təqdim edir.

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi

Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi…
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy-adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.


Bakı, fevral 1968

view 1936 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news