Ən sevdiyim pəncərə önüdü

Ən sevdiyim pəncərə önüdü
calendar 29 iyul 2013
clock 10:41

Kulis.az Günel Xəzəlin yeni şeirlərini təqdim edir.

Qaranlıqdan gözlərim qamaşanda
hər dəfə işıq dadıma çatdı-
"Hər şey yaxşı olacağ"a inandım.
Həyatımdakı boşluğu
dadlı - duzlu göz yaşım doldurdu-
aciz olmaqdan utanmadım.
Boz şəhərdə anam təbiətin nəfəsini
səmadan aldım-
azla yetinməyi bacardım.
Hələ də bir doğmam varmı , yoxmu
deyə narahat olmadım-
ehtiyacı olanlardan qaçmadım,
ehtiyacım olanları çağırmadım, arzuladım -
özləri gəldi.
Çətin günlərdə, yuvasız, pulsuz
ac qalmaqdan qorxmadım-
kimsəsiz olmayım deyə
sevmədiyim adamlara sığınmadım.
Qınaqlara tənzimləmədim
yaşam tərzimi.
Tərifə hesablamadım
savablarımı.
Günahlarımın üzünə durmadım-
tövbəylə tumarlayıb,
könlünü aldım.
Yaşadığım gözəl evdə də
yoxsul evdə də
ən sevdiyim yer pəncərə önü oldu-
Ömrün hər otağında
içimdəki mənzərədən rahatlıq tapdım.
Əlbət bezdiyim də oldu
üsyan etdiyim də
amma hər dəfə
qoluna girib, başımı çiyninə söykədiyim
ümidim oldu.
Məyusluğa məğlub olan ümidlərimsə
məni inandırdı-
Mən inandım, inandırıram, siz də inanın:
Hər şey yaxşı olacaq...


“Bir parç əlvida”

Hazırladım yol çantanı.

Bir, iki sevdiyin, jasmin qoxulu

xatirə qoydum-
yuyunarsan əyləncədən çirkləndikcə.
Nanəli təəssüf məcunun burdadır
dişini əsəbdən sixanda biri birinə
külünü təmizlərsən "kaş ki"lərin
gündə azı iki dəfə:
səhər və gecə...
İsti sözlər yığmışam bir xeyli
soyuq sükutlarda üşüməyəsən
başqa?! heç nə!
çıx qapıdan arxanca

bir parç əlvida atım.

view 1666 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news