İki filmimiz "Bəşəriyyətə ismarıc" Beynəlxalq Kinofestivalında

İki filmimiz  "Bəşəriyyətə ismarıc" Beynəlxalq Kinofestivalında
calendar 23 oktyabr 2024
clock 16:34

Rusiyanın Sankt-Peterburq şəhərində 18-27 oktyabr tarixlərində 34-cü “Bəşəriyyətə ismarıc” Beynəlxalq Kinofestivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalda Azərbaycan iki filmlə təmsil olunacaq: “İkinci planetin qırmızı rəngi” və “Yaddaş. POV”.

Rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” filmi festivalın “Bədii qısametrajlı filmlər” müsabiqəsində iştirak edəcək. Filmdə hadisələr 44 günlük Vətən Müharibəsi fonunda baş verir.

“İkinci planetin qırmızı rəngi” filmi 2021-ci ildə Mədəniyyət nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” layihə müsabiqəsinin qaliblərindən biridir. “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” şirkətinin dəstəyi ilə “Mozalan” studiyasında çəkilmiş filmin dünya premyerası bu ilin əvvəlində Finlandiyanın Tampere şəhərində keçirilən beynəlxalq kinofestivalın Cənubi Qafqaza həsr olunmuş xüsusi proqramı çərçivəsində baş tutub.

Rejissor İqor Smolanın “Yaddaş. POV” filmi isə “Bəşəriyyətə ismarıc” Beynəlxalq Kinofestivalının “Qısametrajlı sənədli filmlər” bölməsində iştirak edəcək. Film Azərbaycanla Sinqapurun müştərək istehsalıdır.

“Bəşəriyyətə ismarıc” kinofestivalı hazırda festivalın fəxri prezidenti olan Mixail Litvyakov tərəfindən təsis olunub. 2010-cu ildən etibarən festivala sənədli və bədii filmlər rejissoru, Rusiyanın Xalq artisti Aleksey Uçitel rəhbərlik edir.

view 350 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news