Gəzəyən qız - Nəriman Həsənzadə

Gəzəyən qız - Nəriman Həsənzadə
calendar 5 iyun 2024
clock 18:40

Kulis.az Nəriman Həsənzadənin "Gəzəyən qız" şeirini təqdim edir.

Səni görübdülər dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
Ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə mindiyin yerdə,
Haraya gedibsən göz qoyubdular,
Adını "gəzəyən qız" qoyubdular.

Məni gözləyibsən Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
Özüm ötürmüşəm sonra, qadası.
Od tutub yanağın, üzün yanmasın,
Yenə görüşmüşük gedib bir axşam:
Əvvəl bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə oturmusan sən,
Mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni.
Bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad,
məni görməyiblər, ay dadi-bidad!

view 801 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news