Sənsizlik “Sən” “Siz” olanda başlayır

Sənsizlik “Sən” “Siz” olanda başlayır
calendar 23 noyabr 2015
clock 16:18

Kulis Emin PirininH2O” şeirini təqdim edir.

Payız...

Xəzan pıçıldayır

ağacın qulaqlarına:

“Gözlə məni yazacan”.

Sən də gözlə məni,

bir başqa qadından doyanacan...

Barmaqlarım tellərində yellənər,

yelləncəkdə yellənən

dəcəl uşaqlar kimi.

Sinəndəki cüt göyərçin

qonar dodaqlarıma

ağzımda dən varmış kimi.

Hələ,

məktəb illəri...

kimya dərsində

quruyardı boğazım

baxışlarım tutanda

çəhrayı dodaqlarını.

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və...

Lövhəyə iri hərflərlə yazardın:

H2O...

Bu gecə yuxum gəlmədi...

Yuxum gəlmir,

barı sən gəl...

Amma barmağında bəxtin saralır,

İndi ki payız deyil.

Ölçüləri kiçildilmiş xəritədə

şəhərlərimiz əllərindən

daha yaxındı mənə.

Dayan...

Baxım görüm döyən kimdi

ürəyim yaman döyünür.

Xoş gəlir

bu gələn

sənsizliyə oxşayır...

Sənə demişdim də...

Sənsizlik

“Sən” “Siz” olanda başlayır...

view 1056 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news