Öpüb, gözlərimin üstə qoymaqdan... – Yeni Şeirlər

Öpüb, gözlərimin üstə qoymaqdan... – Yeni Şeirlər
calendar 8 iyul 2019
clock 18:41

Kulis.az Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir.

ta bu bir otaqlı evi də satdım,

bilmirəm, vuracam hara şəklini.

saçların gözünün üstünə düşüb,

bəs niyə demirsən: dara şəklimi...

nə tanrıya açdım, nə sənə dedim:

mənimçün sevmək də bir sənət idi.

mənim ki ürəyim eşq sənədidi,

vurdum o sənədə ara şəklini.

düzəldim özümü gərək sabahdan,

endirim bu şəkil eşqimi taxtdan.

öpüb, gözlərimin üstə qoymaqdan

yara eləmişəm, yara, şəklini...

* * *

boşa sevmişəm yolları,

baxdım, yollar nişanlıdı...

elə can qoyub yazmışam,

sözlərim məndən canlıdı.

kənddən çıxdım, kəndimizin

ən pis adamını sevdim.

Ruslan Dost Əlidən başqa

sevdim eey, hamını sevdim.

güzgülərlə barışmadım,

düşmən saxladım evimdə...

nə vaxt susdum, dəmir pullar

qəfil səs saldı cibimdə.

baxdım, yollar nişanlıdı,

tez vuruldum ağaclara.

gördüm ki, heç nəyim yoxdu,

salam göndərdim aclara...

* * *

yaxını fərq eləmirik,

yaxşı görmürük uzağı.

hansı tərəfdə dursan da

elə bizik solun sağın...

hər əzan bir tərəfdədi,

yoxsa bütövsən elə sən?

görünmədiyin boydasan,

nətər varsansa, eləsən...

hər gün gördüyün adamlar

get-gedə yadlaşır sənə.

görünmə, bu görünməmək

möhtəşəm yaraşır sənə!

view 2336 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news