Müharibədə ayaqlarını itirmiş şalvarlar – Yeni şeirlər

Müharibədə ayaqlarını itirmiş şalvarlar – Yeni şeirlər
calendar 4 iyun 2020
clock 17:31

Kulis.az gənc şair Saqif Zeynalın şeirlərini təqdim edir.


Yeni salınmış yardım qəsəbəsində
Mənzilimiz dayanmışdır
Üzü şərqin şəfəqlərinə...

Günəşi salavat çevirər səhərlər,
Gecənin cənamazında ay möhür kimi -
Dalıb-dalıb səcdəyə gedər
Ulduzları zikr edər gecələr...

Əlini gözlərinin üstünə qoyub
Qalın eynəklərlə baxar uzaqlara
Hansısa gələcək bir doğmasını
Gözləyirmiş kimi.

Üstündə göyü üzü açıq
Üzüb gedər Tanrının bulud gəmiləri.
Quşlar uçar üstündən yorğun-yorğun,
Mən daha da hərşeysizləmiş,
Daha da dalğınlamış.
Hara getdi bunca ümidlər?!

Gəlib bir azdan damında yuva qurar
Ehtiras nəğməsi oxuyar avara göyərçinlər...

Bura ilk gəldiyimiz gün
Nənəmə qoşulub sevinmişdim
Sonra gülmüşdüm
Sonra utanmışdım.
Bura ilk gəldiyimiz gün
Özümü qəribə hiss etmişdim.
Anlamışdım öz doğma anasının qarnında
Nə çəkərlərmiş ögey olan uşaqlar...

***

Yay getmiş də
Çoxdan getmiş
Zivələr geyinmiş qalın paltarlarını.
Qonşu zivədən yellənir yenə
Müharibədə ayaqlarını itirmiş şalvarlar
Qollarını itirmiş köynəklər.
Qadın ehtiyatla
Ehtiramla sərər
Sıxmaz yaralı paltarları...

***

Uzaqlardan gələn darıxmış külək
Qarışdırar ağacların saçını
Əyilib otların başından öpər...

Nəğmə kimi dolaşarlar arılar
Qanadlarında söz,
Ayaqlarında sevgi daşıyarlar
Çiçəklərin bətninə...

İndi mən
Küləklərin darıxmağından,
Çiçəklərin bətnindən,
Ay üzlü gecələrin bakirəliyindən
Baxıram sənə.
İşığa toxunub keçir xəyalın
Yarasa qanadlarında...

***

Biz adam olalı sıfırda doğular
Birdə ölərik.
Nə olsaq o arada olarıq,
Hər nə olsaq...

Qaşla göz arasında dediyimiz ölüm də
Əslində sıfır bir intervalında yerləşər,
İki sonsuzluqda dəyişər:
Sıfır tam vəsayirədə bir,
Sıfır tam yüzdə bir,
Sıfıt tam onda bir,
Sıfır.
Sıfır tam onda bir,
Sıfır tam yüzdə bir,
Sıfır tam vəsayirədə bir,
Bir.
İndi bu kəsr ömür
Sıfır tam onda yarıdır.

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news