Van Dammı bezdirən azərbaycanlı qohumları

Van Dammı bezdirən azərbaycanlı qohumları
calendar 18 iyun 2021
clock 11:34

Təzə söhbət var: dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu azərbaycanlı xanımla ailə qurub.

Atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) pianoçu Suada Hacızadə ilə nikah bağlayıb.

Xəbər yayılan kimi bekarçılıqdan əziyyət çəkən azərbaycanlıların əlinə yaxşıca fürsət keçdi: hamı bu mövzunu çək-çevir etməyə, yumor hissinin gücünü sınamağa başladı.

Yavaş-yavaş Van Dammın azərbaycanlı qudaları da göründü, arxasınca Van Dammın gəlini ilə rəqsi sosial şəbəkələrdə ildırım sürətilə yayıldı.

Amerikalı Van Damm da "Quda" mahnısı altında qol qaldırıb oynamaq xoşbəxtliyinə qovuşdu.

Hələ bu harasıdır?

Qohumların öpüş yağışı, oğlunun hər bayram qız evinə əli dolu getməsi var. Yazıq Van Damm, hələ başına nələrin gələcəyini bilmir. Azərbaycanlı gəlini oğluna almaq asan məsələ deyil. Gərək bizim mentalitetə, milli-mənəvi dəyərlərə öyrəşəsən, heç olmasa "salam-sağ ol", "qaqa, bunun aşağı yeri yoxdu" səviyyəsində söhbətlərə alışmaq vaxtıdır.

Hələ toy gecəsi Van Damm gəlininin şərəfinə "şpaqat" açıb dünyaya mesaj göndərməsə inciyərik ondan.

Bizim xaricilərə aşırı sevgimiz də ayrı bir bəladır.

Xaricidirsə, deməli, hər şey qaydasındadır.

Xaricidirsə, mədənidir, sivildir, humanistdir və s. və i.a.

Bu müstəvidə sosial şəbəkə əhli Van Dammı yaş yuyub quru sərdilər. Dedilər, bizim oğlanlar dura-dura Van Dammın oğlu kimdir?

Nə olsun atası karate ustasıdır, dünya ulduzudur?

Nə olsun onun o məşhur filmlərini uşaqlığımız kimi unuda bilmirik?

Bu yadelli sevgisi hardandır bizdə?

Hər halda o da bir insandır.

Xalqımız bu səpkidə tənqidləri ilə xeyli ürəklərini boşaldıb rahatladılar. Yaxşı ki, Van Dammın teması ortaya çıxdı, yoxsa xalqımız həmişəki kimi darıxmaq epidemiyasından əziyyət çəkəcəkdi.

Neyləyək, işimiz-gücümüz yoxdur, gözləyirik ki, hansı məşhur azərbaycanlıyla evlənəcək, biz də vaxtımızı keçirəcəyik.

Eşitdiyimə görə, Van Dammı indi gəlinin qohumları əhatəyə alıb, hələ bir qohum "qabaqlar mən də vurduğumu yıxırdım" deyir, kişinin filmlərdəki döyüş səhnələrinin doğru olub-olmadığını soruşurlar.

Van Damm da əsnəyə-əsnəyə (dəqiq məlumatdır) yolaverdi danışırmış. Bu məqam qohumların xoşuna getməyib, qıza deyiblər, qayınatan adamayovuşmazmdır, sözü-söhbəti yoxdur, ona başa sal, denən, ayıbdı, camaatın yanında özünü dağın başına qoymasın.

Qız da qohumlara baxıb-baxıb başını bulayıb və ingilis dilində susub.

# 3051 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news