Göz yaşı yeməyə qarışan qız - Sonuncu "Həyati" rəqsi

Göz yaşı yeməyə qarışan qız - Sonuncu "Həyati" rəqsi
calendar 22 may 2024
clock 21:00

Bu gün qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür; ömrünü saysız-hesabsız məclislərdə keçirən, el dili ilə desək pulunun qədərini hesablamağa hövsələsi çatmayan, barmaqları ilə qarmonun dillərini inildədən, insanları öz ifası ilə zülüm-zülüm ağladan, özü də qarmondan çıxan nalələrə qoşulub ağlayan Aslan İlyasovun.

Aslan İlyasov gözəl sənətkar idi. Ömrünün sonlarında amansız xəstəliyi ilə çarpışması, ölmək istəməməsi, onu sevənlərin yadından yəqin ki, heç zaman çıxmaz.

O, həyatının, canının, ömrünün qədrini amansız xəstəliyə yaxalanandan sonra dərk etmişdi. Üzü qibləyə uzadılanda belə kəfəni yırtıb çıxmış, ağır xəstəliklə yaşamaq, yaşamaq, yenə də yaşamaq istəmişdi.

Mənim Aslan İlyasovu sevməyimin isə çox nisgilli tarixçəsi var.

Onun ifasını rəhmətlik atam çox sevirdi.

2010-cu ilin əvvəllərində Aslan İlyasovun “Həyati” rəqsi çox böyük məşhurluq qazanmışdı. Hansı kanalı açırdımsa, Aslan İlyasov eynəyi gözündə, qarmonu da dizinin üstündə gözləri yumulu halda bu mahnını ifa edirdi.

Ailəlikcə ağır və çətin günlər yaşayırdıq. Atam üçüncü dəfə insult keçirib yatağa düşmüş, biz isə ümidsizcəsinə həkimlərin "atanızın bir-iki aylıq ömrü qalıb" sözündən yapışıb qalmışdıq.

Yadıma gəlir, ilıq toyuq şorbasını qaşıq-qaşıq atama içirdiyim belə günlərin birində televizordan həmin musiqini eşidib ağlamışdım.

Atam yeməkdən, içməkdən kəsilmişdi.

O, yediklərini uda bilmir, hamısı ağzının kənarından yavaşca axıb anamın mənə cehiz verdiyi güllü çay dəsmalının üstünə tökülürdü.

Gözümün yaşı atama yedirtdiyim şorbanın içərisinə qarışmışdı. Yəqin ki, həmin vaxt bu dünyada gözünün yaşını şorbaya qarışdırıb atasına yedirdən yeganə qız mən idim.

Onda atam mənim ağladığımı görüb danışan baxışlarıyla yeyə bilmədiyi şorbadan imtina edərək üzünü divara çevirmişdi. Əlbəttə, o, başdan-ayağa əziyyət və iztirabdan ibarət yaşantısına, qaçqın taleyinə, ömrünün xəstə sonluğuna ağlayır, səssizcə göz yaşı tökürdü...

Atamdan sonra Cəbrayılda Hadrut ermənisindən alınan çarpayını, - atamın çarpayısını qardaşımla köməkləşib dəhlizə qoyanda onun hər dəfə məndən üz çevirdiyi divardakı əl izlərini, səngiməyən ağrılarla qovrula-qovrula cırmaqladığı divar kağızını gördüm. Dilsiz, ağızsız, sözlərini baxışlarıyla deməyə məcbur olan, xəstə, nisgilli insanın son nişanələrini...

Atam rəhmətə gedəndən bir neçə il sonra Aslan İlyasov da rəhmətə getdi. Ölməzdən əvvəl qarmonundan səslənən havalar kimi haray çəkdi. “Məni ölməyə qoymayın” dedi.

Amma öldü!

“Həyati rəqsi” isə lentlərdə qaldı.

Başqa atası xəstə qızları ağladıb, göz yaşlarını şorbalara qarışdırmaq üçün...

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news