Müslüm Maqomayevin 80 illiyinə həsr olunmu gecə keçirildi

Müslüm Maqomayev

Müslüm Maqomayev

calendar 21 oktyabr 2022
clock 18:30

Rusiyanın Ulyanovsk şəhərində Azərbaycanın əfsanəvi sənətkarı, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə təntənəli yaradıcılıq gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, “Qubernatorski” Mədəniyyət Sarayında baş tutan tədbir “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının təşəbbüsü və vilayətin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə vilayət administrasiyasının, hökumətin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl vilayətin vitse-qubernatoru Aleksandr Korobko, incəsənət və mədəniyyət siyasəti naziri Yevgeniya Sidorova, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri İslam Hüseynov çıxış edərək, Müslüm Maqomayevin iki ölkənin musiqi mədəniyyətinin inkişafına misilsiz xidmətlər göstərdiyindən, öz bənzərsiz səsi, ölməz yaradıcılığı ilə hər zaman milyonlarla tamaşaçıya gözəl anlar bəxş etməsindən danışıblar.

URAMMM sədri İslam Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə və bütövlükdə milli icmaların fəaliyyətinə göstərdikləri dəstəyə görə Azərbaycan diasporunun adından vilayətin qubernatoru Aleksey Russkixə, vitse-qubernator Aleksandr Korobkoya və nazir Yevgeniya Sidorovaya minnətdarlığını bildirib: “Ulyanovsk azərbaycanlıları fəxr edirlər ki, belə gecələrin ənənəsinə uzun illər əvvəl başlayıblar. Zaman keçdikcə belə tədbirlər regionun mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan xalqının görkəmli oğlunun yaradıcılığı bu gün də xatırlanır, sevilir. Bizimlə birlikdə Müslüm Maqomayevin xatirəsini və onun ən zəngin mədəni irsini ehtiramla yad edən bütün tamaşaçılara təşəkkür edirik”.

Konsert “Derjava” Ulyanovsk dövlət nəfəsli alətlər orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin səsləndirilməsi ilə başlayıb. Sonra “Bolşoy Teatr”ın və Perm Akademik Opera və Balet Teatrının solisti Konstantin Suçkovun və digər müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib. Konsert zamanı səhnədəki iri monitorda Müslüm Maqomayevin həyat və yaradıcılığını, Azərbaycandakı mədəniyyət hadisələrini, azad olunmuş torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağının dalğalandırılmasını əks etdirən fotolar nümayiş etdirilib.

Konserti orkestrin bədii rəhbəri və baş dirijoru Kiril İlyin idarə edib.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news