Əsgərlərlə "mama" zarafatı edən Topal Əhdiman - Babək Məmmədli

Əsgərlərlə "mama" zarafatı edən Topal Əhdiman - Babək Məmmədli
calendar 14 avqust 2024
clock 16:36

Kulis.az Babək Məmmədlinin yeni yazısını təqdim edir.

2000-ci ilin yayından əsgəri olduğum N saylı h/h-nin Zenit Raket Artilleriya Batareyası Qazaxda Coğaz çayının kənarında, mal bazarına yaxın ərazidə yerləşirdi, bizdən bir neçə il sonra yanğın olub, yerini dəyişiblər. Alış-verişimizi (əsgərin alış-verişi də nə olasıdı -siqaretdi, üzqırxandı, bir də telefonla danışmaq) bu kişinin dükanından nisyə edirdik. Adı Əhdimandı, ancaq, nişan verəndə, qulaqlarından iraq, hamı "topalın dükanı" deyirdi. İndi də elə deyirlər. Əl-ayaq qüsurundan savayı ağızdan da naqolay adam idi. Pulunu gecikdirən olanda hansısa əsgərdən xəbər yollayırdı: “O filankəs mamasıgöyçəyə deynən, bir-iki günə bazara mala getməliyəm, pulumu gətirməsə, mən də onun mamasını qaytarası döyəm. İndi özü baxsın”.

Bizdə də bir goranboylu oğlan vardı. Ən çox o, gecikdirirdi pulu. Deyirdi pulum olur, bilərəkdən gecikdirirəm, xoşum gəlir onu cırnatmaqdan. Bir dəfə xəbəri gətirən əsgər də “topal”ın ismarıclarını kazarmanın içində qəsdən ucadan elan etdi. Goranboylu qaqam təmkinini pozmadan: “Sən də soruşaydın, nəynən Alış, nəynən?” – deyəndə əsgərdə can qalmadı, gülməyə səbəb gəzirdik biz də.

İyirmi dörd illik aradan sonra bu səhər bir yaxın dostun işiylə bağlı təsadüfən dükanın yerləşdiyi həmin küçəyə, köhnə hərbi hissəmizə aparan yola gəldik çıxdıq. Dükanı tanıdım, heç dəyişməmişdi, həminki nimdaş, miskin görkəmindəydi. Yaddaşım qıcıqlandı, maşından düşüb yaxınlaşana qədər olanları-keçənləri xatırlamağa çalışdım. Bir az xatırladım da. Asta-asta yaxınlaşıb balaca pəncərə gözündən içəri göz gəzdirdim: çalsaç bir kişi domuşub yerdəki malları sonalayırdı. Qorxutmamaq üçün şüşəni yavaşca tıqqıldatdım. Başını qaldırmadan, "nə lazımdı, eşiderəm", dedi. Adını unutduğumdan karıxıb "topalın dükanı" soruşacaqdım, sözü dilimin ucundan qaytardım.

- Qardaş, üzünü bir bəri çevir görüm, mən deyən adamsanmı?

(Qazaxda kişilər bir azca ərklə danışırlar. “Zəhmət olmasa”, “mümkünsə”, “xahiş edirəm” kimi lətafət, nəzakət nişanlarından, demək olar, heç istifadə etmirlər.)

Çevriləndə gördüm elə özüdür. Aradan ötən bu illər ondan heç nə alıb-artırmayıb. Anadangəlmə qüsuru da ki, cağbacağ yerində.

- Əhdiman, sən məni yadına sala bilməzsən. Mən bir az yuxarıda ZRAB-ın əsgəri olmuşam, 2000-2001-ci illərdə.

Balaca, əyri çiyinlərini çəkdi. Təbii, məni tanıya bilməzdi - əsgər çox, "topal" tək. Könlü xoş olsun deyə bir detalı yadına saldım:

- Bakıda, Sumqayıtda o vaxt zəlzələ olmuşdu, 2000-ci ilin noyabrında. Eşidən kimi beş-altı nəfər Bakı-Sumqayıt uşaqları tökülüşüb sənin yanına gəldik ki, evlərimizə zəng edib hal-əhval tutaq. Bax onda sən kişilik edib heç birimizə pul hesablamadın. Dedin ki, yolunuz buralara düşəndə gəlib bu qoja əminizlə hal-əhval tutarsınız, bəsimdir. Yadına düşdümü?

- Səni sağ ol, o qədər elə mamasıgöyçəklər olub, halal xoşları olsun, - deyib irişdi, uçuq-sökük dişlərini də gizlətmədi…

# 2082 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

22:00 8 noyabr 2024
Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:00 30 oktyabr 2024
Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
menu pen all_news