Azərbaycanda Avropa darvazası tikilməlidir! - TƏKLİF

Azərbaycanda Avropa darvazası tikilməlidir! - TƏKLİF
calendar 28 may 2011
clock 15:00
“Əli və Nino” romanı hələ ötən əsrin əvvəlində belə Bakının Avropaya, yoxsa Asiyaya aidliyi ilə bağlı gedən mübahisə ilə başlayır. Çoxumuz orta məktəbdə, universitetdə oxuyarkən müzakirə və diskussiyalarda tez-tez “Şərq bizdən başlayır, bəs Avropa haradan başlayır” sualı ilə rastlaşmışıq. Hər dəfə bu barədə düşünəndə xəritədə maraqla aramalı olmuşuq:

Qafqazda Avropanı Asiyadan ayıran nöqtələr hansılardır? Bildiyimizə görə, söz gedən ərazidə qitələri bölən məlum sərhəd coğrafiya elmində hələlik şərti qəbul edilir. Doğrudur, alimlərin əksəriyyəti Şimali Qafqazdakı Kuma Maneç çökəkliyindən keçən sərhədi əsas götürürlər. Lakin mübahisəli hesab edilən bu məsələdə kifayət qədər alimlər isə Avropanı Asiyadan ayıran xəttin Xəzər dənizi – Baş Qafqaz sıra dağları – Qara dəniz boyunca keçdiyini qeyd edirlər.

Əksər xəritə və qlobuslarda da bu ayrılma Baş Qafqaz sıra dağlarının üstü ilə çəkilən qırmızı xətt işarəsi ilə göstərilir. İkinci varianta nəzər salsaq görərik ki, belə olan halda Azərbaycan ərazisindəki Bazardüzü dağından Gədi (Xızı rayonu ərazisində yerləşir – R.Y.) dağınadək uzanan sıra dağların şimal hissəsi Avropa qitəsinin tərkibinə daxildir. Yeri gəlmişkən, inzibati ərazi baxımdan Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları bütövlüklə və Xızı rayonunun yarısı həmin ərazidə yerləşir. Dağ silsiləsi ilə dəniz arasındakı sahilboyu hissədə elə də böyük olmayan Eşmə düzü uzanır.

Onu da bildirim ki, sovet dövründə rus hərbçiləri tərəfindən bura Yaşma adlandırıldığı (?) üçün bugünədək bütün rəsmi sənədlərdə Eşmə əvəzinə, həmin yer Yaşma kimi qeyd olunur.

Əgər alimlərimizin səyi ilə beynəlxalq səviyyədə qitələrin ayrılma xətti belə təsdiqlənib qəbul edilərsə bütün mübahisələr bitər. Eşmə düzündə isə mütəxəssislərin rəyinə uyğun təyin olunacaq simvolik xətt üzərində “Avropa qapıları” adı altında möhtəşəm qapılar ucaldıb bura böyük turist axınını cəlb etmək olar...

Eşmə düzünü mən misal çəkdim. Dəqiqləşmənin nəticəsindən asılı olaraq bu başqa yer də ola bilər. Nəticədə Azərbaycan Respublikası təkcə siyasi-iqtisadi cəhətdən deyil, həm də rəsmiləşmiş coğrafi ərazi kimi Avropanın bir hissəsi hesab edilər.

Sonda, diqqətinə çatdırmağa çalışdığım aşkar həqiqətin gerçəkləşməsinə öz köməyini əsirgəməyəcək alim və mütəxəssislərimizə, digər səlahiyyət sahiblərinə müraciət etmək istəyirəm: gəlin, bu barədə dərindən, yaxşı-yaxşı düşünək və lazımi qərara gələk. Haqqında danışdığım məsələyə laqeydliklə yanaşmaqdansa hamılıqla dəstəkləyib istəyimizə nail ola bilsək, zənnimcə, uduzmarıq, əksinə hərtərəfli qazanarıq. Ölkəmizin “Avroviziya” mahnı müsabiqəsindəki parlaq qələbəsi bu mövzunun qabardılmasının aktuallığını mütləq mənada gündəmə gətirir. Bununla da bir çox bədxahlarımızın bizi “qeyri-qanuni” avropalı saymalarına son qoymuş olarıq.

Bəlkə, doğrudan fikirləşək?

Rövşən Yerfi
# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news