Bayrağımız Xankəndidə yellənsin! - Əjdər Oldan Qarabağ şeirləri

Bayrağımız Xankəndidə yellənsin! - Əjdər Oldan Qarabağ şeirləri
calendar 26 oktyabr 2020
clock 12:29

Kulis.az tanınmış şair Əjdər Olun yeni yazdığı Qarabağ şeirlərini təqdim edir.

Qəzan mübarək!

Əgər gedirsənsə haqq savaşına,
Qəzan mübarəkdir, qəzan mübarək!
Bu halal kəlməni sətir başına
yazan, mübarəkdir, qəzan mübarək!

Sən ki, qan tökmürsən, qanı alırsan,
Əlindən nə gedib, onu alırsan,
Sən Salur oğlusan, Banu alırsan,
Qazan, mübarəkdir, qəzan mübarək!

Namus savaşıdır sənin savaşın,
Başında tay-tuşun, dostun, yoldaşın,
Yağıdan aldığın torpağın, daşın,
fəzan mübarəkdir, qəzan mübarək!

Qarabağ itməyib, bizdən getməyib,
Biz ordan getmişik, fürsət ötməyib.
Sən oxu, mənim də sözüm bitməyib,
Ozan, mübarəkdir, qəzan mübarək!

Yadından çıxmasın çoxdan verdiyin,
Artıq torpağın yox, yoxdan verdiyin,
Nahaq düşməninə haqdan verdiyin
cəzan mübarəkdir, qəzan mübarək!

Canında qalsa da lap yarı canın,
Qazi tək dönməyə vardır inamın,
Əgər şəhid olsan, şəhidlik qanın,
əzan mübarəkdir, qəzan mübarək!

Əjdər Ol kimdir ki, bir yuxu yozan,
Düşmən halay çəkib, sən Halaypozan,
Qazan, igid əsgər, qələbə qazan,
qazan, mübarəkdir, qəzan mübarək!
Qəzan mübarəkdir, qəzan mübarək!

Çağırş

“Qarabağ Azərbaycandır və nida!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Keçdi əks hücuma şanlı ordumuz,
Qələbə gözləyir doğma yurdumuz,
Gedirik irəli, gəlir ardımız,
Düşmənin dilinin ucunda vida,
Qarabağ bizimdir, bizim və nida!

Yoxolmuş yox olub yoxa çıxacaq,
Bayrağım yeriyib dağa çıxacaq,
Laçına çıxacaq, Tuğa çıxacaq,
Həsrətdən güc aldıq, sevgidən qida,
Qarabağ bizimdir, bizim və nida!

Murov zireh çəkib “üzləyib” bizi,
Kəlbəcər illərlə özləyib bizi,
Ağdam hər dəqiqə gözləyib bizi,
Kəsməz yolumuzu ölüm, qan-qada,
Qarabağ bizimdir, bizim və nida!

Günəş işıq tutub, Ay yaxıb şamı,
Elə bil dəyişib həyatın tamı,
Şuşa sevgisinə can atır hamı,
Hamıya yuxuda verilib buta,
Qarabağ bizimdir, bizim və nida!

Azərbaycanımın qəlbi Qarabağ,
Yenilməz, möhtəşəm, qəlbi Qarabağ,
Ey hərbi geyimli hərbi Qarabağ,
Yağı öz xoşuna çəkilsin, ya da...
Qarabağ bizimdir, bizim və nida!

Ey dağım, ey daşım, bizə səngər ol!
Ey dostum, qardaşım, zabit, əsgər ol!
Canını dişində tutub Əjdər Ol,
Əsgər marşı ilə yeriyir o da..
Qarabağ bizimdir, bizim və nida!

29 sentyabr 2020

Marş

Xankəndini gədə kəndi etdilər,
Özlərinin dədə kəndi etdilər,
Yalan, hiylə, hədə kəndi etdilər,
Dığaların dığırlanan vaxtıdır,
Oğruların oğurlanan vaxtıdır.

“Yersiz gəldi, yerli qaç”dı bularkı,
Hər addımda kilsə, xaçdı bularkı,
Güclülərlə marçamarçdı bularkı,
Yüz il dirsək göstərdilər yurduma,
İndi də dal göstərirlər orduma.

Mifçilərin çürük mifi dağıldı,
Bayquşların bərbad evi dağıldı,
Bir həmlədən düşmən səfi dağıldı,
Qarabağda millətimin var səsi,
Eşidilir kaman səsi, tar səsi.

Hayı gedib, qalıb daha vayları,
Saya vursan, bir şey deyil sayları,
Harayçılar atıb indi hayları,
Orda kimlər bəsləyirdi pətəklər,
Əldə gəlir tutduqları ətəklər.

Qayıt qardaş, yaşa da öz yerində,
Bəy, xan, sultan, paşa da öz yerində,
Ağdam, Laçın, Şuşa da öz yerində,
Bayrağımız Xankəndidə yellənsin!
Əjdər Ol da baxıb, baxıb şellənsin!

25 oktyabr 2020

# 6807 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news