Çağdaş ədəbiyyatımızın ən gözəl şeirlərindən biri

Çağdaş ədəbiyyatımızın ən gözəl şeirlərindən biri
calendar 26 aprel 2020
clock 12:30

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Bayatlı Odərin “Ölümdən sonra başlar şair ömrü” şeirini təqdim edir.

Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü -
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?

Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,

Günahlı, günahsız şairlər ölür.
Güllələyin şairləri!

Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin, yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa...

# 3602 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news