Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri

Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri
calendar 7 aprel 2020
clock 21:00

Bu gün Xalq şairi Məmməd Rahimin ad günüdür. Kulis.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir.

Saldı qara gözlərin neçə aşiqi bəndə

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun mərmərmidir?
Sənə axar su deyim? suyu dayandırarsan.
Atəşmi adlandırım? alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

Keçdi

Yenə gülşəndən ötüb gözləri afət keçdi.
Yenə şahanə xuram etdi, qiyamət keçdi.

İzlədim sayə kimi yar baxıb güldü qəşəng,
Göstərib aşıqinə xeyli nəzakət keçdi.

Coşdu şaxlardakı bülbül onu gördükdə yenə,
İlk baharım verərək bağə təravət keçdi.

Unudub yar məni zənn eyləyəcək küsmüşdüm,
Onu gördükdə sönüb cümlə ədavət keçdi.

Ahu gözlüm yenə səyyad kimi gəlsin Rahim,
Aşıqin günləri ol şux ilə şərbət keçdi.


Deyə bimirəm

Deyirəm ki, səni gördüyüm zaman
Üstünə gul-çiçək səpəcəyəm mən.
Deyirəm ki, səni görəndə, canan,
Söz açaram təmiz məhəbbətimdən.

Sən, bahar çağıda yaşıl çəməndə,
Ətir saçan zaman qızl gül kimi,
Coşmaq istəyirəm fərəhlə mən də
Baharın aşiqi şən bülbül kimi.

Elə ki, qarşımda görürəm səni,
Tutuluram yaman niyə bimirəm?!
Nədənsə bu sadə bircə kəlməni -
"Sevirəm" sözünü deyə bilmirəm.


Bahar gəlsin

Gözəl bahar, gözəl bahar,
Gözləyirik, tez gəl, bahar!
Quşlar köçsün ölkəmizə,
Nəğmə desin yenə bizə.
Gəl, oyansın sıx meşələr,
Yasəmənlər, bənövşələr
Gəlişinlə ətir saçsın,
İydə, innab çiçək açsın.
Hər mövsümün öz yeri var,
Gəl, sevimli, gözəl bahar!
Bu düzlərdə, bu dağlarda,
Yaşıl donlu yaylaqlarda
Yenə quşlar nəğmə desin,
Həyat versin xoş nəfəsin
Bərəkətli torpaqlara -
Mehribansan uşaqlara.
Gəl Xəzərin sahilinə, -
Gözəl, sərin sahilinə.
Yayılanda günəş düzə,
Gəl-gəl desin dəstəmizə.
Ağacların xoş kölgəsi,
Bağçaların nəğmə səsi
Yay ilanda dağa, daşa -
Gəl, səninlə gəzək qoşa.
Gözəl bahar, gözəl bahar,
Gözləyirik, tez gəl, bahar!

Sevgilim

Bu dünyada sevməyənlər ölüdür,
Çox şirindir əhdi-peyman sevgilim!
Eşq insanın həyatını güldürür,
Ətir saçar zaman-zaman sevgilim!

Mən uğrunda vuruşlara girmişəm,
Çox dəhşətlər, çox tufanlar görmüşəm,
Eşqim üçün imtahanlar vermişəm,
Söyləmişəm keçər hicran sevgilim!

Tərlanıyam ətir saçan düzlərin,
Aşiqiyəm təravətli sözlərin,
Xatirimdən çixmaz qara gözlərin,
Şirin cana canım qurban sevgilim!!!

# 3248 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news