Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi

Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
calendar 16 iyun 2021
clock 12:30

Vaqif İbrahimoğlu 2011-ci ilin mayından bu dünyanı tərk edib. 1989-cu ildə məndən bir söz almışdı – 1984-cü ildə Ankarada rusca qələmə aldığı “Gündəlik” onun bayılıncayadək sevdiyi Azərbaycan türkcəsinə çevrilməliydi və bu işi mən görməliydim (bir şərtlə ki ölümündən sonra).

“Əvvəla, nə bilirsən, kim tez öləcək və sonra niyə özün çevirmirsən?” – sualımı “Sənə bu məktubumda hər şey yazılıb” sözləriylə cavablandırmışdı. O məktubu artıq nöqtəsinə, vergülünə toxunmadan diqqətinizə yetirə bilərəm:

Zeynəlciyim!

Həyat və sənət yollarım çətin olduğu qədər dumanlıdır, bilinməz, dərkedilməzdir, çünki bizi yaradan o böyük Tanrımızın yapdığı dış və iç dünyamız(ın) özü bir yol, özü bir dağ, özü bir dəniz, özü bir göy, özü bir Günəşdir ki, gözümü qamaşdıra bilər!..

Qardaşım!

Bu əlyazmanı tapşırıram sana, səni də uluların ulusu Dədəm Qorqud eşqinə – bu dünyada ondan müqəddəs məndən ötrü heç zad yoxdur. Əcnəbi dilində yazıldığı üçün qüsura baxma, onun da öz səbəbi var ki, məncə, demək artıqdır.

Sağlıqla qalın, Tanrı sizə yar olsun, yolunuz Uğurlu, dünyamız işıqlı olsun. Mən gedər oldum...

Ən içdən sayğı və istəklərimlə: Vağif İbrahimoğlu

Boz ayın 8-i 1989-cu il.

Bu məktubu Vağifin (ara-sıra “q”ni “ğ”yə çevirməyi xoşlayırdı – əslində “Vağıf” deyərdi) adi şıltağı-zarafatı kimi qarşılamış, amma xahişinə əməl etmişdim: O “Gündəlik” yalnız onun ölümündən sonra işıq üzünə çıxarılacaqdı...

Beləliklə, 20-ci yüzil Azərbaycanının say-seçmə insanlarından görkəmli sənətçi, kulturoloq, publisist və sevimli düşüncə adamı Vaqif İbrahimoğlunun 40 yaşında (1989-cu ildə) mənə verdiyi tapşırığı yerinə yetirir və 35 yaşında (1984-cü ildə) Türkiyədə rusca qələmə aldığı gündəliyini Azərbaycan türkcəsində oxuculara çatdırıram.

Vaqifə sevgilər və ruhuna sonsuz sayğılarla,

Zeynal Məmmədli

P.S. Xatırladaq ki, “Sovet teatr rejissorunun Türkiyə gündəliyi” adlı kitab bu gün Qanun Nəşrlər evində çap olunub.

No description available.

# 2193 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news