Dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı - Rəvan Cavidin yeni şeirləri

Dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı - Rəvan Cavidin yeni şeirləri
calendar 19 yanvar 2024
clock 10:15

Bu gün şair Rəvan Cavidin doğum günüdür.

Kulis.az şairi təbrik edir və onun yeni şeirlərini təqdim edir.

***
Bir cüt simurq lələyi yandır tulla ocağa,
Ürəyində arzu tut, gəlsin ağ qoç, qara qoç.
Dünən üzü küləyə, bu gün üzü sazağa,
Bitmir səndəki inad: yarı oğlaq, yarı qoç.

İşin yoxdu, tərpətmə nazaretli o qulu,
Yerusəlimə gedir, boğçası kəfən dolu.
Allah bir də yazmasın belə bəxtə bu yolu
Qurtarginən davanı, bir az ağla, zarı, qoç.

Ağlar qaldı qıraqda Mədinəsi, Məkkəsi,
Yerə-göyə sığmadı Süleymanın hikkəsi,
Gördü yenə bilmədi, uduzanda şəkk kəsir
Fironun güvəndiyi səltənətdi, o da borc.

Kimdən gəldin, kimədi bu yolun, bu cığırın?
Hansı haqqı səndədi bu yazığın, fağırın?
Yerdəki nabələddi, göydən adam çağırın
Desin, nədi bu ömür – əvvəli puç, sonu puç.

***
Açıq qalan qapılar hürküdür içimdəki
əli, qolu bağlanmış qaş-qabaqlı məhbusu.
Açıq qalan pəncərə, açıq qalan işıqlar:
Azadlığın qurduğu bu oyun, bu bic pusu.

Sən də ağzını açma,
Səsindəki soyuqluq üşüdür duyğuları,
Azadlıq qorxusudu,
Mən tez vərdiş edirəm bu qərib qayğıları.

Yarımçıq siqaretin narahat qoxusunda,
Divarlara sinirmiş yalqızlığın qorxusu.
Divarlar necə ölür, indi bir mən bilirəm,
Bir də müharibənin o evsiz uşaqları,
İndi dustaqdır çoxu, divarları havayı.

***
Neçə üsyan bayrağı asmalısan damlardan?
Neçə devrim təmizlər,
ayağın altındakı bu mavi zibilliyi?
– səmalara sinməmiş bu qədər insan iyi.

Nəyin sevdalısısan?!
Bu Günəş, bu da torpaq,
dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı,
bu maşın, bu da asfalt,
bunun da adı həyat: pəncəsi qanlı ayı.

Neçə şeir sağaldar içindəki yaranı?
Neçə liman bəs edər küsdüyün gəmilərə?
Neçə mavi bant ataq sapsarı zəmilərə?

Gecəyə Günəş asdım, sönməz bir ömür boyu,
Həsrətin yol saldığı bu nankor şəhərlərdə
tək qalmayasan deyə
gözündə yaş olmuşam,
azsan, ağla,
qorxsan, ağla,
darıxsan, ağla.

# 2306 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news