Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri

Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri
calendar 24 yanvar 2024
clock 16:24

Kulis.az Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir.

Qurtardı

Sən gedəndə üz-üzəydim ölümlə,
Təslim etdin ayrılığa əlinlə,
Bir də çətin barışarıq səninlə,
Qurtardı e, qurtardı.

Sevmədim ki, səndən özgə heç kimi,
Yaraların qaysaq tutub keçdimi?
Yağış döydü, xəzan vurdu eşqimi,
Apardı e, apardı.

Yaşadınmı mən yaşayan zülümü?
Çağırdınmı, səslədinmi ölümü?
Əcəl gəlib ən sevdiyim gülümü,
Qopardı e, qopardı.

Bir də gördüm, ayrılığın ilidi,
Həsrətinlə dinən könül kiridi,
O qış mənə nə oldusa, yeridi,
Amma indi bahardı e, bahardı.

Bir də çətin qovuşarıq səninlə,
qurtardı e, qurtardı!!!

Kişilər ağlamaz

Ömrümü yarıya böldü gedişin,
Nə gecəm bilindi, nə də sabahım.
Yumub gözlərimi, içimi çəkdim,
Ölüncə yaxanı buraxmaz ahım.

Dolub gözlərimə həsrət, intizar,
Dərdini özümlə daşıyıram mən.
Hərdən öz-özümə deyirəm, Allah,
Bu əzabla necə yaşayıram mən?

Kirpiyin tökülər, saçın tökülər,
Ömrün qurban gedər səhvə, günaha.
Oturub bəxtinə doyunca ağla,
"Kişilər ağlamaz" demirlər daha.

Darıxsaydın, gələrdin

İki yolun ayrıcında qalmısan,
Yoruldumu ümidlərin de, bilim.
Hərdən-birdən yazırsan ki, "darıxdım"
Sözdür, vallah, deyirsən də, nə bilim?

Həsrətini məndən yaxşı çəkən var?
Sənin qədər sevilsəydim, ölərdim.
Hisslərimdə yanılmıram, biləsən,
Deyirəm ki, darıxsaydın, gələrdin.

Bir də kimi sevərəm ki sən qədər?
Bir də kimə aldanacaq ürəyim?
Qıymaram ki, gözlərini unudam,
Sən unutdun? Sağ ol, var ol, nə deyim?..

Mənə mənsiz keçən günündən danış

De, necə izlədin bu müsibəti?
Yəni bir dəfə də canın yanmadı?
Bəs hansı günümə sevirdin məni?
Tüstüm ərşə çıxdı, havalanmadın.

Qınadım, qınadım bəxtimi axır,
Əydi uşaq kimi başını yerə,
Mən ki toparlanıb göyə daşındım,
Tökdüm ətəyimdən daşımı yerə.

Səndən başqa hər şey nağıldı mənə,
Uçdu e, bəxtimə qonan kəpənək.
Əşi, mən cəhənnəm, özündən danış,
Ala bildilərmi qadanı mən tək?

Çox çətin gəldimi yaşamaq sənə?
Hər ümid ardında yeni aldanış.
Güldümü gözlərin gözümdən uzaq?
Mənə mənsiz keçən günündən danış.

# 2926 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news