Heç yerdə çap olunmayan notlar - Montalenin şeirləri

Eucenio Montale, şair, yazıçı

Eucenio Montale, şair, yazıçı

calendar 25 iyun 2022
clock 16:00

Kulis.az italyan şair, yazıçı Eucenio Montalenin şeirlərini təqdim edir.

Sevimli balaca böcək

nə üçünsə adını milçək qoyublar

bu axşam hava qaralanda

İkinci İşayanı oxuduğum vaxt

yenə peyda oldun yanımda

amma bu dəfə eynəksiz idin

məni görə bilmirdin

heç mən də şüşələr parıldamadığı üçün

tanıya bilmədim səni alatoranda.

***

Hələ də başa düşməmişəm ki,

mən sənin sadiq, qotur itin idim,

yoxsa sən mənim.

Başqaları üçün kor böcək idin

yüksək cəmiyyətin dedi-qodusu içində

itib-batmış. Əslində onlar

oyuncaq idi sənin üçün,

sən idin onlarla əylənən;

sən qaranlıqda da görürdün onları,

qaça bilmirdilər sənin

yarasa nəzərindən.

***

Qırıq-qırıq, fasiləli nitqindir mənə qalan

tək şey, onunla kifayətlənirəm.

Amma onun da vurğusu dəyişib,

itirib rəngini.

Öyrəşirəm artıq səni eşitməyə, eşidirəm

səsini teletaypın xışıltısında,

Brissaqo markalı siqarımdan

çıxan dumanda.

***

Qardaşın cavan ölmüşdü. Onda saçı pırtlaşıq

qız uşağı idin, indi oval çərçivədən

mənə baxırsan daşlaşmış nəzərlərlə.

Qardaşın musiqi bəstələyirdi,

heç kimin eşitmədiyi,

heç yerdə çap olunmayan notlar

indi hansısa çamadanın dibindədir,

ya da atılıb zibilliyə. Bəlkə haçansa

bir nəfər təzədən yazar onları

artıq başqası tərəfindən

yazıldığını bilmədən.

Tanımasam da sevirdim onu.

Xatırlayan yox idi onu səndən başqa.

Bunu heç vaxt soruşmamışdım:

indisə mənası yoxdur.

Səndən sonra bircə mən qalmışam

haçansa onun yaşadığını bilən.

Amma bilirsən,

sevə bilərik kölgəni,

axı özümüz də kölgəyik.

Tərcümə: Həmid Piriyev

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news