Əlindəki çapıqları göynədir spirt - Sevinc Elsevərin karantin şeirləri

Əlindəki çapıqları göynədir spirt - Sevinc Elsevərin karantin şeirləri
calendar 6 aprel 2020
clock 21:00

Kulis.az Sevinc Elsevərin Karonovirusla bağlı "Karantin günləri” poetik silsiləsindən olan şeirləri təqdim edir:

Karonovirus testi

İndi nə vaxtdı
atalar, analar
gecələr uşaqlarını yatağa salanda
oxuduqları kitabları
dedikləri laylaları yarıda kəsirlər
"indi də gəl nəfəstutma oyunu oynayaq
görək kim daha çox nəfəsini tuta biləcək?” – deyə
oyuna dəvət edirlər uşaqlarını
sonra həyəcanla ölçürlər
körpələrinin ciyərlərinin havasızlığa dayanıqlığını
gözlərindəki
ürəklərindəki qorxunu gizlətməyə

yarım ovuc dənə
bir qurtum suya gəlmiş xırdaca
sərçəcikləri ürkütməməyə çalışaraq...


Karonavirusla mübarizə

nahar fasiləsi üçün
daldaya çəkiləndə
əlindəki yaraları
çapıqları göynədir spirt
tikintidə işləyən fəhlənin
imanı-dini yandıqca
yanıb tökülür həyatının çətin keçməyinə
indi həmişəkindən çox salır ürəyinə
dalında bir kimsənin durmamağını
ta uşaqlıqdan
arxasız qalmağını
gözünü açandan
həyatda qalmaq üçün mübarizə aparmağını.


kompüterlə arama qoydum
kaktusu
nəzər saldım qurbanıma kədərlə
rəhm hissi bıçaq kimi kəsib doğradı qəlbimi...

***

özüylə gətirdiyi çantaları
mühafizəçi polisin nəzarəti altında
marketlərin girişindəki siyirmələrə
qoymalı olan
vicdanlı adamlar
özlərini yaxşı hiss etməzlər buna görə
əlacları olsa qapısından girməzlər
gəlməzlər
onlara etimad göstərilməyən yerə

***

yuxuya gedənə qədər
əlimdən tutur körpə balam
güvəndə hiss edir özünü
arın-arxayın yuxuya gedir
mən də əlim Allahın ətəyində
yuxulayıram
o balaca uşaq kimi

Kartofun günahı

bəhrəsini insandan gizləyib
torpağın altında qoruyan bitkilərə qarşı
daha qəddar davrandı insan
köklərindən qoparıb
köklərini yedi onların.
qızardılmış kartof dilimlərini
çəngələ keçirə-keçirə düşünürəm:
bu gözəllikdə dadı insandan gizləmək də günahdı...

Bayram şamları

bayram axşamlarında yeyib-içib
doyandan sonra
Novruz xonçasının ətrafına
rəngbərəng
şamlar düzərdi böyüklər
toplaşardıq masanın başına
böyüklərlə bərabər
biz uşaqlar
bir oyun oynayardı böyüklər
deyə-gülə
zarafatlaşaraq
biz də durardıq tamaşasına
dirəşərdik,
bizi də qoşardılar oyuna
bir şam yandırardılar
hərəmizin adına
yallı gedərdi xonçanın ətrafında
kövrək alov dilləri
bəzən toqquşardı şamların alovları qədəhlər kimi
gah bir-birinə sarı əyilərdilər səcdə edənlər kimi
deyərdilər
kimin şamı nə qədər dözsə
nə qədər yansa
ömrü də o qədərdi...
uşaq ürəyimiz əsərdi
şamımızı göz bəbəyi kimi qorumağa çalışardıq
nəfəsimizi içimizə çəkərdik
iki ovcumuzla bağlayardıq ağzımızı bərk-bərk
ondan sonra pıqqıldaşardıq...
o qədər çox
o qədər çox
yaşamağa həvəsliydik
yaşamaq təşnəsiydik!

şamı ən gec sönənlər sevincini
gizləyə bilməzdi
şamı tez sönənlər zarafata salıb gülərdi...
uşaqlardan birinin şamı tez sönərsə
böyüklərdən kimsə yalan deyərdi:
"o şam mənimdi, mənimdi
niyə deyirsən sənindi?”
şam yarışında
şamı ən gec sönənlər
yoxdular, yoxdular indi
ömür yarışını uduzdular
qəlbimizdə kədər oldular
bir vaxtlar xonçaların kənarına tökülən isti ərintilər
indi ürəyimizə axmaqda
onları xatırlarkən...

***

sevdiyim şairlərin
ən kədərli şeirlərini paylaşdım profilimdə bu gün
başqa dillərlə anlatmağa çalışdım dərdlərimi
sevimli şairlərin arxasına sığınaraq...
balaca uşaq böyük adamın arxasına sığınan kimi

***

hirsi soyumasa da
ürəyi dağa döndü atanın
əlindən alıb şifonerin başına qoyduğu topu
icazəsiz götürəndə oğul balası

keçən il bu vaxtı stulun üstünə çıxıb
barmaqlarının ucuna qalxsa belə
boyu çatmırdı.
daha barmaqlarının ucuna belə qalxmırdı. /artkaspi.az/

# 3846 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news