"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri
calendar 15 aprel 2024
clock 18:00

Bu gün şair Ümid Nəccarinin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini təqdim edir.

Bir cüt mavilik

Açıq qalıb qapımın qolları,

Götür əllərini məktub yaz.

Özünü gizlətmə gözlərinin arxasında.

Gözlərin gözəllik himnidir.

İçimdəki əsgərlər səs-səsə verib

Gözlərini oxuyurlar...

- Ey şanlı vətən...

Səndən bir hektar yox,

bir qarış baxış istəyirəm ev qurmağa.

Gizlənmə o bir cüt mavilərdə.

Gizlənqaç oyunu deyil, bir addım çıx çölə!

Soyun gözlərini, sənə görmək istəyirəm,

Soyun ...!

Sol tərəfimi sənə bağışladım, məni bağışla!

Kişilər əllərindən ölürlər, qadınlar qucağından.

Götür məktub göndər qucağını...

Bitir bu adamı!

Qulaqlarım elə darıxır ki...

Götür gözlərini zəng elə gecəyarı!

Bir az da, məni "oğru" səslə,

Uşaqlar üçün çərpələng oğurlayıram gözlərindən.

Sərhədindəyəm indi.

Kirpiklərin tikanlı məftildir,

Səndən o taya keçə bilmirəm.

Əlimi tutub alnıma,

Baxıram səndəki uzaqlara.

Uzaqlar soyuq olur...

Ayrılıqdan da soyuq.

Gözlərin mavi güzgüdür,

Səndən baxıram özümə.

pəncərəni açıram dənizlərə

Dənizlərini yumma,

balıqlar ölməsin gözlərində!

Dinlə...!

Qağayılar çığırışır bir cüt maviliyində

Ağlama ki boğulmasın gəmilər!İydə ağacları

***

Keçmişdə

ətir satan bir qoca kişiydi iydə ağacları...

...Məzarlar insanlardan öncə ölür,

xəstəxanalar ağrıyır insanlardan öncə.

...Gül dükanları vidaların birinci şahidi,

tabutlar - hiss etdiyimiz sonuncu xatirə,

quraqlıq - saçlarını öz əliylə kəsən "Yağış" adında bir qız!

...Zindanda olan kişi dörd divarın qarğışına tutulmuşdu,

yalanlara uyma!

Mən isə uzaqlarda bir gölməçəydim...

...İydə ağacı olmaqdan,

Məzar olmaqdan,

zindan olmaqdan çətindir

uzaqlarda bir gölməçə olmaq.

***

Təngnəfəs divarlar

Bu monoton həyatda

Təngnəfəs olur divarların qaməti...

Bu maraton yarışda

Tövşüyür saçlarımdakı ağ atlar...

Mənası dəyişmir Günəşin

Kirayə evlərin...

Yad əllərin...

Bircə, çöldəki soyuqdan çox

Ciblərin üşüyəndə

Mənası itir fəsillərin...

Qış fəsli üşüyür ciblərində!..


***

Bir səs

Səni düşünməyim gəlir

gir ağlıma addımla!

Səni ölməyim gəlir

Bir gecə ol,

at körpüdən məni.

Al xəyalımı əllərinə,

ver dodaqlarını düşlərimə,

səni düşünməyim gəlir,

qəfildən bir səs ol!

Bir səs...

Mən səni səsindən tanıyıram.

***

İşıq dirəkləri

Öncədən bir şam idi,

bu yollarda ucalan işıq dirəkləri.

Ucalıb... Ucalıb, söndülər...

Öncədən uşaqlıq yastığımız idi,

gördüyümüz buludlar.

Uçub... Uçub getdilər...

Gördüyündən bir az fərqlidir həyat.

Hər axşam itlər sümüklərini yox, darıxmalarını basdırır buralara.

Burada axşam üstünə yox.

Axşam altına gömülür insanlar.

Qoy necə olduğumu,

qoy tənhalığımın rəngini söyləyim.

Mən yağış səsində susuram.

Mən sel vurmuş kəndlərin dilində danışıram.

Sənə deyə bilmədim,

ölümlə savaşa gedən bir yoldur səsində uyuyan hüzn.

Qladiatorların can verdiyi meydandır.

Əsgərlərin öldüyü səngərdir gözlərinin sonsuzluğu.

Elə baxma...

Sənə deyə bilmədim,

köynəyimin altında döyünən bir yumruq ət,

Azadlığa darıxan bir quşun çırpıntısıdır.

Döyünür... Döyünür... dayanır.

Ölməyə can yox.

Ölməyə məzar yox.

Ölmək üçün bircə pəncərəni açıq saxla.

Radiolarda sənin səsindir.

Səni eşq dalğasında dinləyirəm.

Danışırsan...

Danışırsan,

susursan.

***

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news