Pobeda

Pobeda
calendar 4 noyabr 2014
clock 11:51

Qismət yazır

Yalan deyirəmsə, hər gün səviyyəsindən narazı olduğumuz verilişlərin sponsorlarına ciddi layihə aparım. Sibel Canın “Padişah” klipindəki oğlansayağı saçların modernləşmə sayılmağa başladığı illərdə, beş mərtəbə tərəfdə, indiki “Şaurma”nın yerində məşhur bir kişi bərbərxanası vardı. Həmin bərbərxanada, indiki dilnən desək, bron eləməsən qəbuluna düşmək çətin olan Fikrət adında bir bərbər işləyirdi. Fikrət müstəqillik tariximizdə ilk dəfə qloballaşmanın əhəmiyyətini başa düşmüş, mədəniyyətləri arası dialoqun önəmini dərk etmişdi. Özü də zamanını qabaqlamış bu qənaətlər, təkcə fikir qatında qalmır, həm də Fikrətin mahir əllərindəki qayçı-daraq tandemi vasitəsi ilə müştərilərin görünüşlərində də əyaniləşirdi. Bizim qohumlar Fikrətin yanına öz surətlərində gedir, qayıdanda mifoloji qəhrəmanlar kimi qayıdırdılar: saçları ilə Arnold Şvartsneger, bığları ilə İbrahim Tatlısəs adamlar. O vaxtdan qorxu filmlərinə baxanda gülmək tutur məni.

Qıvrıla-qıvrıla gedib “Təzə Pir” məscidinə çıxan, çala-çuxur Mustafa Subhi küçəsinin darısqal bir həyətində dostlaşmış uşaqlar, yəni biz – Nicat, Hüseyn, Tural, Azik və mən, bir-birimizin xəbəri ola-ola eyni qıza aşiq olmuşduq. Axşam saat səkkizdə “Sara” radiosunda başlayan, adımızı oxuyan, sifariş etdiyimiz mahnını səsləndirən o əfsanəvi musiqi proqramının aparıcısı Ceyran xanım hamımızın doğması kimiydi. Çünki ilk dəfəydi ki, adımızı bizi tanımayan bir qadının dilindən eşidirdik və bizə elə gəlirdi ki, adımız çəkiləndə bütün Bakıdakı evlərdə hamı bizdən danışır. Verilişin başlamasına 10-15 dəqiqə qalmış hərəmiz bir bəhanə ilə fitilləyirdik evə - radioya zəng vurmağa. Adımızı deyirdik, romantik bir mahnı sifariş edirdik və həmin mahnını ortaq sevgilimizə ithaf edirdik. İki il hər gecə o qıza mahnılar sifariş etdik; iki ildən sonra bir gün təsadüfən qızın valideynlərinin söhbətinə qulaq müsafiri olanda bildik ki, sən demə onların radiosu yox imiş...

Əlimi Enter-ə basıb and içirəm: “Səadət sarayı”nın yanındakı internetklubda çılpaq qız şəkillərinə baxmağın adını “ingilis dili”ni öyrənmək qoyan abilərimizin dövründə, Grant Hill də "Sprite" içirdi. "Neftçilər" metrosu həndəvərindəki kafelərdə loto oynadırdılar, üstəlik, çuvaldan çıxan rəqəmləri meqafonla elan edirdilər. Marşrutdan düşürdün ki, kimsə qışqırır: “69”. Bir başqasının sevincək səsi gəlirdi o saat: “Mən qurtardım!”. O vaxt rəqəmlər, sadəcə riyaziyyat idi, yoxsa çoxdan Avropaya inteqrasiya eləmişdik.

Maarif işığına Borxes olum ki, onda təkcə kafelər yox, Qorxmaz Əlili də hər axşam uzunayaq xanımların titrək barmaqları ilə biz “dəyərli tamaşaçı”lara rəqəmli daşlar göstərirdi. Bu tele-lotolarda hamımız həmişə bir rəqəmlə uduzurduq, ya da uzağı biletin pulu çıxırdı. Hər daşın altından biletimizdə olmayan rəqəmlər çıxırdı, hər qapağın altından "bəxtinizi bir daha sınayın". Sarışın "fanta"lar bəxtin payızı, qaraşın "kola"lar arzuların matəmiydi. Amma o zamanlar ümid sadəcə partiya adı deyildi...

Hayıf deyil indiki dövr, gündə telefonuma mesaj gəlir ki, 500 xal qazanmısınız. Get-gedə qələbə qazanmağa da öyrəşirik, nə gözəl. Uzağa getmirəm, o gün gecə qəfildən telefonum cükküldədi. Həyat yoldaşım diksindi ki, görəsən kimə nə olub? Dedim, əzizim, narahat olma, yat, yenə qalib gəlmişik!

# 2772 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news