Ata-anasından film çəkən “avara” oğul

Ata-anasından film çəkən “avara” oğul
calendar 9 aprel 2018
clock 15:53

Aliyə

“Atam, anam, bir də mən” İntiqam Hacılının filminin adıdır. Burada “bir də” birləşdirici bağlayıcıdır. İntiqamın filmində isə “bir də” onu ata anasından ayıran kameradır. İntiqam da gətirib həmin bu kameranı düz ata-anası ilə öz arasına qoyub və çəkməyə başlayıb.

Film atanın lotereya biletindən alması ilə başlayır, televiziya ilə yayımlanan oyunda bileti uduzması ilə başa çatır.

Lotereya baş qatmaq üçün, yaşamaq üçün xırda bir ümiddir. Udmaq, uduzmaq fərq etməz. Və ata bunu bilir.

İntiqamın filmində ata və ana həyatın qəhrəmanlarıdır. Yaşamaq əzmləri, müdrik təmkinləri, zəhmətə bağlılıqları, həyata sadə yanaşmaları ilə. Amma bu bir AzTv sayağı pafos deyil. Rejissor İntiqam bunu nəinki vurğulayır, bəlkə heç belə düşünmür də.

Biz tamaşaçılar başdan İntiqamı yazdığı yazılardan “Atalar-oğullar” toqquşmasının tərəfi kimi tanıyırıq. Amma filmdən hansısa toqquşma gözləmirik. Paralellik isə gözləyirik.

Ata-ana üçün övlad da lotereya bileti kimidir, fərli çıxa bilər, çıxmaya da bilər. Amma övlad həmişə ümiddir, gözləntidir. Ümumiyyətlə həyat belə ümiddir, böyük, ya kiçik fərq etməz.

İntiqamın seçdiyi fabula bu baxımdan maraq doğurur. Gündəlik həyatlarında işlərinə belə yaramayan (filmdə bir yerdə qonşu qadın kameranı su aparatı zənn edir), adını belə düz deyə bilmədikləri rejissorluq peşəsi oğulu onlardan ayırıb, evdən “avara” edib.

Hətta bir az da dərinə getsək ata-ananın kameradan çəkingənliyi yox, incikliyi var.

Filmin Novruz bayramı dönəminə təsadüf etməsi də diqqəti çəkir. İntiqam atasından niyə məhz yeddi tonqal qalamaq adətini soruşur. İnadla təkrar-təkrar soruşur. Atanın cavabı birdir: “Adət belədir”. İzahı hər necə olursa olsun, bu ocaq onları birləşdirir.

İntiqam həyət-baca işləri görə-görə ata-anasını danışdırır. Bəzən də kamerasının xeyrinə danışdırır. Öz evliliklərindən tutmuş, sosial mövzulara qədər çəkir söhbəti. Onları maraqlandıran nüanslara toxunur. Amma film boyu ata-ananın tövrü dəyişmir.

Bəlkə də bu filmlə İntiqam öz peşəsi ilə ta anasını tanış etmək, onlara qəbul etdirmək istəyir. Bir yerdə ana kamera ilə barışır, onu əlinə alıb küləş doğrayan oğlunu çəkməyə cəhd edir.

Film alınmış lotereya biletinin yoxlanması ilə bitir. Ata TV-nin qarşısında çıxan nömrələri bir-bir, səbirlə yoxlayır. Bu, film boyu bir neçə yerdə, danışıb göstərən televizorun tamaşaçısına yaxın ilk xəbəridir.

Bilet udmur. Ata kefini pozmayıb “gələn dəfə...” deyir.

Bu filmdə işlənən ikinci “gələn dəfə” sözüdür. Birini də ana İntiqamdan soruşmuşdu: “İndi gedib gələn dəfə nə vaxt gələcəksən?”

Yalnız fabulası ilə deyil, üslubu ilə də film Nuri Bilgənin “Mayıs sıkıntısı” filmini xatırladır. Hərçənd İntiqamın filmində çəkilişlər ümumi planladır.

“Atam, anam bir də mən” filmində Oğulun ata evinə gəlməsi, qayıtmağı, atanın lotereya almağı və yoxlayıb udmaması ilə başlayıb bitməsi paralellik yaradır.

Bu spontan alınıbmı? Rejissor İntiqam bunu fərq edibmi? Yəqin ki.

Amma lap yəqin olanı budur: rejissor İntiqam hansısa texniki çatışmazlıqların, qüsurların, təsvir həllinin dərdini çəkmədən, cəsarətlə kameranı ata-anası ilə münasibətləri müstəvisinə qoyub.

Kino qəzetinə köşələr yazan üsyankar oğulun bu addımı razılaşın ki, maraqlıdır.

# 1870 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news