Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - Günün şeiri

Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - Günün şeiri
calendar 26 iyun 2019
clock 09:29

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələr günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini təqdim edir.

Uzanır danışıqlar, imzalanır sənədlər.

Xəritədə aləmə göstərilir sərhədlər….

Səsimizə səs verir dünya başbilənləri;

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin…

Ağla sığan söhbəti, sözü var dəstəklərin,

Yardım bağlamasında özü var dəstəklərin

Lap ləl-cavahir olsun hər yardımın dəyəri…

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Diplomat cənabların hər biri hörmətlidir.

Bu məqamda ölkəmə təşrifi qiymətlidir.

Rəyi təqdirə layiq, rəyi ədalətlidir.

Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,

Nələr görmür gözümüz, nələr çəkmir başımız.

Qarışıb bir-birinə baharımız-qışımız.

Çadır göstərmək olub hər çatana peşəmiz…

Sərgi olmasın deyə bu Mil-Muğan düzləri

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.

Ürək yanır, göz dolur şəhid qəbirlərindən…

Düşünüb daşınıram özlüyümdə dərindən:

İntiqam ala bilməz, qana qan ola bilməz

Məzarları bəzəyən ehtiram çiçəkləri…

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,

Heyətlər təzələnir, bir şey görünmür hələ.

Müddətlər təzələnir, bir şey görünmür hələ.

Açılmır ki, açılmır düyünü bu torpağın.

Qov alışa bilərmi, od saçmasa çaxmağın?

İldırımlardan belə umma bu zərrələri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!

Təzə-tər qərənfilli xiyaban istəmirəm!

Tükənir səbrim, fəqət,sazişlər,

Qətnamələr,bəyanatlar kifayət!

Ziyafətlər kifayət!

Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!

Yellənsin sülh bayrağı!

Bu bayrağa kəm baxan,

Həm baxmayan, həm baxan

Bədgüman istəmirəm!

Sevindirsin milləti qoy, sülhün şad xəbəri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

# 4441 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news