Əkrəm Əylisli "Xalq yazıçısı" adından məhrum edildi

Əkrəm Əylisli "Xalq yazıçısı" adından məhrum edildi
calendar 7 fevral 2013
clock 14:59

Prezident İlham Əliyev Əkrəm Əylislinin Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Kulis.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda deyilir: “Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:

1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.

2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin”.

Prezident İ. Əliyev Ə. Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə də sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin “Naibov Əkrəm Nəcəf oğlu” bəndi ləğv edilsin”.

# 3374 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news