Mən elə həmin uşağam... – Şahin Musaoğlundan ad günü şeirləri

Mən elə həmin uşağam... – Şahin Musaoğlundan ad günü şeirləri
calendar 11 iyul 2019
clock 12:10

Bu gün vətənpərvər şeirləri, marş və mahnıları ilə sevilən Şahin Musaoğlunun doğum gündür. Onun 56 yaşı tamam olur. Kulis.az bu münasibətlə Şahin müəllimi təbrik edir və onun şeirlərini oxucuların diqqətinə çatdırır.

Ad günümə

Mən sabaha bu günümdən başladım
Ümüdümnən güvənimnən başladım
Hər keçən il, bir yaş qoydu çiynimə
Uzun yola öz-özümnən başladım.

Davam deyib yolu yoldan öyrəndim
Gülü güldən, kolu koldan öyrəndim
Yaranışın bir ilahi kəlmədən
Yaradanın hökmü "OL"dan öyrəndim

Ömür ki var dağa bənzər, əzizim
Dırmandıqca səni üzər, əzizim
Yorularsan amma gözün dincələr
Seyr etdikcə ruhun süzər əzizim.

Kim deyir ki, yaşa dolan qocalır
Arzusundan yoxsul olan qocalır
Qəlbi sevən gözəllikdən zövq alan
Arif insan yaşlandıqca ucalır

Vətən

Vətən - ünvanı zamanlar
və mövsümlər
üstündə dayanan
qos-qocaman yurd yeri.
babamın ayaq səsləri
nənəmin nağıl dünyası
atamın həniri, nəfəsi
anamın laylası...

Qoxusu neft dadır
havasının yağışı,
yağmuru, günəşi, qarı
bir də sərt
rüzgarı vardır.

Rəsmini çək desələr
ay-ulduzlu bayrağımı çəkərəm.
Tərifini sorsalar
Deyərəm: “Dünyaya gəldiyim bu yer,
dərdindən öldüyüm bu yer”

Nə var, nə yox?!

“biri vardı, biri də... itmişdi”

3 yaşlı Ziyanın dediklərindən.

Həyatın rəngi sarıdı,
Ömür – ölümə sarıdı...
Hər “yox”un, “yox”dan varıdı
- nə var, nə yox?!

Əlim əlinə çatacaq,
Adım dilinə yatacaq...
Yuxum gözünü tapacaq;
- nə ac, nə tox ?!

Yol gedib yolu gətirər,
Boz bulud – dolu gətirər
Verən əl dolu gətirər;
- nə az, nə çox?!

Həyat bazarlığı

Saçlarımı vaxt darağı.
Daradı - bivaxt daradı.
Axır ki, çıxdım qaradan
Saqqalın ağaran vaxtı.

Görən neçə gecəm qalıb
Ömrümün bu üzündə?!
Neçə səhər açasıyam
Dirigözlü gözümlə.

Zaman yenə oyun qurub,
Öz əlinə oynayır.
Əvvəl yorur, əldən salır,
Sonra əlindən salır.

Ömrün içindəki ölüm -
Hər addımbaşı bir tələ.
İndi nə gecik, nə tələs,
Ömür sür “ölə-ölə”....

“Nə təhər məsləhətdi”

Ürək yenə sözə baxmır,
- nə təhər, məsləhətdi.
ya dayansın, ya da dözsün,
- birtəhər, məsləhətdi.

Sevgini o verdi, mənə,
mən də bir qıza verdim.
Dedi, gözlə, gözləyirəm
- nə qədər məsləhətdi.

“Yaş artar, ömür çoxalmaz”,
eşqin yarası sağalmaz.
hər dərddən sinə dağ olmaz,
- nə çəkər, məsləhətdi.

Ömrümüzün dörd fəsli var.
qaldırın badələri, dostlar:
“gəlməsin qəlbin payızı,
- nə gələr məsləhətdi!”

Çatışmır

İndi özümün özümlə
Sonuncu davam çatışmır.
İçimdə dərd nəfəs alır,
Çölümdə havam çatışmır.

Yenə də dərsə gedirəm,
Ömrümü tərsə gedirəm.
"İt hürən səsə gedirəm",
Bir xeyir-duam çatışmır.

Üz tutub haqqın yoluna,
Yetişdim ömrün sonuna.
Salam verdim sağ-soluma,
Gördüm əlvidam çatışmır.

Ömrü saralı varağam,
Qəlbi yaralı bulağam,
Mən elə həmin uşağam -
Anamla atam çatışmır.

# 49889 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news