Söyüdlər qarıdı, hardasan? - Ələkbər Salahzadənin şeirləri

Söyüdlər qarıdı, hardasan? - Ələkbər Salahzadənin şeirləri
calendar 15 mart 2021
clock 15:23

Bu gün Azərbaycan poeziyanın ən unikal imzalarından olan Ələkbər Salahzadənin doğum günüdür. Yaşasaydı 80 yaşı tamam olacaqdı. O, geniş oxucu kütləsi arasında çox tanınmasa da onu ədəbiyyat adamları həmişə yüksək qiymətləndirib. Kulis.az doğum günü münasibəti ilə Ələkbər Salahzadənin seçmə şeirlərini təqdim edir.

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
haradasan?!

***

Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.

Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.

Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi...

***

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu.

***

Yenə də mi bu dünyaya
uşaq gələndə ağlayır?
Hardan hara gəldiyini
bir gün biləndə ağlayır.
Tanıdıqca sol-sağını
qaralır da tez-tez qanı
Görür - bir dostu soğanı
yarı böləndə ağlayır.
Güləyən hər yandan gülür,
ağlayan var sonda gülür.
Kimi ağlayanda gülür,
kimi güləndə ağlayır...

***

Ona ağrıyırsan,
buna yanırsan,
yanıb yanaşırsan, yaralanırsan.
Nəyi dindirirsən,
simə toxunursan yaralanırsan;
niyə dindirirsən,
kimə toxunursan - yaralanırsan?
Bir kəlmə kəsməmiş peşman olursan,
pisə pis deməmiş düşmən olursan,
bomboz qəzəbindən qaralanırsan,
ən azı yüz ağac aralanırsan.
Toxa toxunmamış acı anırsan,
aca acıyarkən yaralanırsan.
Amandı, dəymə "tok"a
qorxusu yox - toxun yoxa!

***

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa.
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news