Evimi qoyub gedəcəm – Cəbrayıllı yazarlar Qələbədən danışır

Evimi qoyub gedəcəm – Cəbrayıllı yazarlar Qələbədən danışır
calendar 5 oktyabr 2020
clock 12:50

Kulis.az dünən işğaldan azad olunan Cəbrayılda doğulmuş yazarlarda Qələbə təəssüratlarını təqdim edir.

Vaqif Bayatlı

Cəbrayılı çoxdan almışam. Ürəyimdə, beynimdə Cəbrayıl işğaldan azad edilib. Sadəcə olaraq qoşunlarımız bizim duyğularımızı həyata keçirdilər və sübut elədilər ki, dünyanın ən güclü ordusudurlar. Nə gözəl bir təsadüfdür ki, Cəbrayıl azad olunan ilk şəhərimizdir, ilk rayon mərkəzidir. Onun adı yəqin ki, Azərbaycan türkünün qüvvəsindən, ürəyindən, gücündən doğur. Onun adı ilahinin məleykələrindən birinin adıdır.

Elçin Hüseynbəyli

Çox sevindiricidir, çox sevinirəm. Həm də çox narahatam. Çünki müharibə həmişə itkilərlə müşayiət olunur. Ermənilərin faşist xislətini bütün xalqımız, bütün dünya bir daha gördü. Bunlar məğlub olurlar, amma qəbul edə bilmirlər. Ermənilərin təxribatları, böhtanları bizə keçməyəcək. Torpaqlarımız işğaldan azad olunandan sonra ölkəmiz daxilən güclənəcək. Qafqazda da çiçəklənmə olacaq.

Ataqam

Atam hər dəfə zəng eləyəndə, salamdan qabaq soruşardı: “Qarabağdan nə xəbər?” Sinə daşına da elə həmin sualı yazdırdım. Sualın altında da boş yer saxlatdırdım ki, xəbər olan kimi yazdırım. Qarabağ tamam azad olsun, ilk işim atamın sinə daşındakı o boş yerə “Gözün aydın, ata, Qarabağ sinə dolusu nəfəs alır” yazdırmaq olacaq.

1992-ci ildə Şuşa alınanda, Rusiya televiziyası ilə bir reportaj verdilər. Orda yaxından çəkilmiş bir fraqment vardı: erməni tankının tərtılları gözəl bir çiçək kolunu xıncımlayır. O fraqment tez-tez yuxuma girib məni yatmağa qoymurdu. Tanrının qüdrətiylə Qarabağın bütün çiçəklərinə yeni can verəcəyimiz günə az qalıb.

Ramilə Qurbanlı

Necə hiss ola bilər? Sözlə ifadə eləmək asan deyil. Rayonu işğalda olan bütün dostlarımın, həmvətənlərimin başına gəlsin. Ayağımızın altındakı torpaqla bərabər, heysiyyatımız, qürurumuz, mənliyimiz azad olunub.

Feyziyyə

Mənə Cəbrayılı görmək nəsib olmadı. Amma həmişə içimdə qəribə bir Qarabağ sevdası, Cəbrayıl eşqi olub. Valideynlərim dünyadan köçəndən sonra bu eşq izah olunmaz dərəcədə artdı. Sanki onların ruhlarını da mən daşıyırmış kimi yerə göyə sığmayan narahatlığım vardı. Düşmənin Qarabağda hər çəkilən fotosu bir dağ idi. İndi sanki sinəmdə üç ürək daşıyıram. İşğaldakı hər kəndimiz alınanda elə bil sevincdən köksüm yerindən qopacaq. Bu, bir ürəyin gücü ola bilməz. Bu torpaq eşqini, yurd sevgisini övladlara aşılayan valideynlərdir.

Ən böyük sevinəcəyim gün məmləkətimi xəritədə bütöv görəcəyim gündür. Allah ordumuzun yolunu açıq etsin, igidlərimizi qorusun. Şəhidlərimizin və dünyadan vətəni bütöv görmək həsrəti ilə köçənlərimizin ruhunu şad etsin. Onlar bizə öyrətdilər ki, zəfər bizimlədir, Qarabağ bizimdir!

İsmayıl İmanzadə

Dünyada insanın bir sevincdən gözü yaşarır, bir də kədərdən. Bax bu dəqiqə yollar açılsın, kəndimizə gedəcəyəm. Özümün zəhmətlə, zülmlə aldığım evi də tərk edib çıxıb gedəcəm. Cəbrayıl mənə doğmadı. Bütövlükdə Qarabağ. Onun bir parçasıdır Cəbrayıl. İnşallah hamımız qayıdacağıq. Şəhidlərimizə Allah rəhmət eləsin, ordumuza uğurlar arzulayıram. Xalqımızı dəstəkləyən yaxın, uzaq ölkələrə ürəkdən “sağ ol” deyirəm. Çünki türk millətini dəstəkləyən dünyada çox deyil.

Mübariz Örən

Cəbrayıl - Xudafərindən tutmuş Ziyarata qədər dağlı-dərəli, bağlı-bağatlı bərəkətli bir rayondu.
Cəbrayıl - soyuğu barmaq kəsən, göz yaşı kimi saf sulu bulaqlar, dolu şırnalı kəhrizlərdi!
Cəbrayıl - təbiətin ən isti rənglərini, ən al-əlvan palitrasını özündə ilmələyən xalçalar - gəbələrdi!
Cəbrayıl - bilinməz yaşı ilə tarixə meydan oxuyan qüdrətli Xan çinarlardı!
Cəbrayıl - zəhmətkeş, sadə, sadiq, mərd, istedadlı, savadlı... insanlardı!
Cəbrayıl - ruhumuzun yüksəldiyi, dədə-babalarımızın ruhları ilə canbir olduğu müqəddəs yurddu - Ruhqovuşandı!

Xəyyam Rəfili

Hiss elədiklərimin adını qoymağa çətinlik çəkirəm. Hətta necə sevinməyi, bu sevinclə necə davranacağımı da bilmirəm. Cəbrayıl üçünsə indidən darıxıram. Elə bilirəm Cəbrayıl da bizim üçün darıxıb. Dünən də yağış yağırdı Cəbrayıla, üstündəki murdar düşmən izlərini silirdi. Azadlığın qutlu olsun, mənim tər-təmiz, mübarək vətənim!

# 3507 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news