Mənim anam

Mənim anam
calendar 19 avqust 2013
clock 09:52

Kulis.Az bu yaxınlarda anasını itirən şair Qulu Ağsəsin 2002-ci ildə yazdığı "Mənim anam" yazısını təqdim edir.

Həmişə belə olub, həmişə belədi, belə də olacaq, deyəsən: irili-xırdalı bütün işlərimi görəndən, qayğı-qarğaşını başımdan eləyəndən, darıxmağa və yaşamağa yol, riz, cığır, bəhanə tapmayandan sonra ONU xatırlayıram, arabir haqqında beş-on cümlə də yazıram.

O, yaza bilmir, oxuya bilmir, mənim harda işləməyimdən belə xəbərsizdi, dostlarımı tanıyır, düşmənlərimi tanımır, sınıxdığımı görür, restoranda, kafedə yeyib-içdiyimi görmür, pulsuzluğumu özünə dərd eləyir, əlimə düşəni göyə sovurduğuma görə mənə güldən ağır söz demir, qızlarının yanında da, arxasınca da kürəkənlərinin, oğlanlarının arxasınca da, yanında da gəlinlərinin tərəfini saxlayır, oğlu yerində kürəkənlərindən səksən yaşında da utanıb çəkinir, yalvarsalar da, evlərində qalmır, qalanda da səhərəcən çimir eləmir, kürəkənləri yaşda oğlanlarından hansının qapısını açsa, gəlindən oğrun, nəvədən xəlvət oğlunun kefini soruşur, qənddandan konfet soyub güclə də olsa, yedirir, başını dizi üstə alıb ağ tüklərini sayır, ağır işdən-gücdən qayıdan oğlanlarının tər qoxuyan bədənini gül kimi iyləyir, türk dilində yox, ərəb dilində yox, indiyəcən danışa bilmədiyim, amma anladığım ÖZ ANA DİLİNDƏ Tanrıya bizdən ötrü alxış eləyir, sonra qalxıb beş yol yuduğu qabı altıncı dəfə suya çəkir, ət yemir, dükan malına xor baxır, zavod çörəyinə təzə-təzə öyrəşir.

Heç elə bil bu altı uşaq bu arvadın deyil, heç elə bil ömründə ərdə olmayıb, atamızın adını ömründə dilinə gətirməz, rəhmətlik haqda bir söz soruşanda söhbəti elə ustalıqla dəyişir ki, onun yazıb-oxuya bilmədiyinə inanmaq istəmirsən, amma ötən il xırda gəlinin yanında ağzından qaçırıb ki, bəs qayınatanı yuxumda görmüşəm, gəlin də soruşub, qayınatam kimdi, arvad işini başa düşüb, yuxusunun gerisini nağıl eləməyib, ona görə susub, ona görə atamdan danışmaq istəmir ki, Qulu dədəsinin üzünü görməyib, birdən uşağın ürəyinə dəyər, özünü dost-düşmən yanında arxasız-yiyəsiz görər, sınar birdən...

Heç mən də düz 33 ildi, anamdan atamı xəbər almıram, guya yetimliyimdən xəbərim yoxdur, ana uşağı olduğumu bilmirəm. İndən sonra da anamın ürəyini qırası deyiləm, yazmağıma baxmayın, dedim axı, oxuya bilmir. Qəzeti görəndə də şəklimə baxıb uşaq kimi sevinir, gah şəklimi, gah da məni bağrına basır.

...Amma ilk dəfə eşidəndə ki, yazılarımı çap eləyənlər üstəlik mənə qonorar da verir, özünü saxlaya bilməyib ağlamışdı: “Camaat pul verib balasının yazısını qəzetdə çıxarır, amma mənimkinin yazdığına qəzetdəkilər pul verir. Bilirəm ki...” “Yetimliyinə görə” demək istəmişdi, qəhər qoymamışdı. Qoşulmuşduq bir-birimizə...

# 3744 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news