Xəyanət sarayı-FOTO

Xəyanət sarayı-FOTO
calendar 15 fevral 2013
clock 11:42

Onun qəbrinin yerini heç kim bilmir. Heç bilmək də istəmir. Çünki o, əfqanların gözündə satqındır, xəyanətkardır. Bir vaxtlar Əfqanıstanın baş naziri olmuş Sultan Ali Keştmand yazırdı: “Onun hakimiyyəti Əfqanıstan tarixində bir ləkə kimi qalacaq”.

Bəlkə elə buna görədir ki, görk olsun deyə onun əyləşdiyi prezident sarayını uçurmurlar. Şəkildə gördüyünüz bu sarayı. 89-cu ilin elə bu günü, sonuncu sovet əsgəri Əfqanıstanı tərk etdi, ardınca bu torpaqlarda neçə-neçə vətəndaş müharibəsi oldu, iqtidarlar dəyişdi, amma heç kim o saraya toxunmadı. Vəhşi “Taliban” rejimi əsrlərlə yaşı olan Budda heykəllərini dağıtdı, amma o saraya tərəf bircə güllə də atmadı. O saray hələ də durur: Əfqanıstan tarixinin bir ləkəsi kimi.

***

1929-cu ildə türmə rəisinin ailəsində dünyaya gəlmişdi. Kabul universitetini bitirmişdi. “İbn Sina” liseyində dərs demişdi. Hələ Nyu-Yorkda magistr dərəcəsi də almışdı. Geri qayıdanda isə artıq Əfqanıstan Demokratik Partiyasının sevimlisinə çevrilmişdi. O, partiya ierarxiyasında sürətlə irəliləyə bildi. Saysız-hesabsız intriqaların, xəyanətlərin hesabına. Onun sonuncu xəyanəti sələfinə, Tərakiyə qarşı oldu. Partiyanın baş katibini, Tərkaini öldürtdürdü. Hakimiyyətə yiyələndi, Əfqanıstanın mütləq yiyəsi olmaq istədi. Amma bacarmadı. SSRİ-dən kömək istədi; narazı xalqın etirazının qarşısını almaq üçün. SSRİ isə… SSRİ isə onu, hə, məhz onun özünü devirdi. Çünki xainlər heç kimə lazım deyil.

***

Həmin ərəfədə Əfqanıstan hökuməti 1979-cu ilin dekabrına kimi SSRİ-yə 20-yə qədər müraciət etmişdi. SSRİ, Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabitini Kabilə göndərir. 1979-cu il dekabrın 12-də Mərkəzi Komitənin gizli iclasında Əfqanıstana ordu yeritmək haqqında qərar qəbul olunur. Dəfələrlə səsləndirilən və qəbul olunmayan qərarın dekabrın 12-də qəbul edilməsi səbəbi hələ də tam açıqlanmayıb. Həmin gün SSRİ xarici işlər naziri A.Qromıko, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov, müdafiə naziri D.Ustinovun təklifləri ilə son qərar verilir: qoşun Əfqanıstana girəcək. Deyilənə görə, Brejnev Əfqanıstana qoşun göndərilməsinin əleyhinə olub. Andropov və Ustinov bir müddət sonra onu razı salıblar. Buna görə də Brejnevin təkidi ilə Siyasi Büro üzvlərinin hamısı adbaad səs verib və qərarın üzərinə imza atıb. Bu qərarın qəbul edilməsindən dərhal sonra SSRİ-nin müdafiə naziri D.Ustinov Əfqanıstana göndərilmək üçün 75 - 80 min nəfərlik qoşun kontingenti hazırlamaq barədə əmr imzalayıb.



***



...Kabildəki prezident iqamətgahını tutmaq üçün hazırlıq tapşırığı verilir. DTK əməkdaşları iqamətgahı 1 saat ərzində tutmalı idi. Amma əməliyyat cəmi 43 dəqiqə çəkir, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “İldırım” və “Zenit” xüsusi dəstələrinin əməkdaşları prezident sarayını tutmaq üçün “Ştorm-333” əməliyyatını həyata keçirir. Və o, öldürülür.

Həmin əməliyyatın iştirakçılarından biri Anatoli Alekseyev sonradan deyəcəkdi: “DTK-nın üç əməkdaşı onu yataq otağında haqladı. Əmr vardı ki, onu diri tutmaq lazım deyil. Dərhal öldürülməlidir. Yataq otağına soxulan kimi güllə-boran başladı. O, artıq ölmüşdü. Səhəri yerli radio onun xalq kütlələri tərəfindən edam olunduğunu elan etdi”.

Və...Və Xəyanət erası bitdi. İşğal başladı. Amma əfqanlar işğalla da barışmadılar. 10 il, düz 10 il, 1989-cu ilin bu gününə kimi sovetlərə qarşı döyüşdülər. Amma ağ günə də çıxmadılar. Ölkəni yeni-yeni vətəndaş müharibələri bürüdü, kəndlər, şəhərlər dağıldı… Amma onun sarayı dağılmadı. Onun sarayını bəlkə də bilərəkdən dağıtmadılar. Xəyanətin simvolu kimi saxladılar.
İndi həmin sarayda bayquşlar yuva salıb. Gecələr ulartısından qulaq tutulur. Və nə qədər ki o saray ordadır bu ulartı kəsilməyəcək.


Bəlkə də qan-qada da bu torpaqlardan buna görə əskik olmur.

Şəkildə gördüyünüz bu saray SSRİ-ni Əfqanıstana çağıran Hafizulla Əminin sarayı idi… Elə yatağında öldürülən də o idi…

P.S. Bu şəkil bir qədər əvvəl məhz bizim xahişimizlə çəkilib, müəllifinə isə təşəkkürümü bildirirəm.

# 4934 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news