«Bəşəriyyəti daha çox sevdikcə insanlara, fərdlərə daha çox nifrət eləyirəm». Oxuduğum hansısa romanda qəhrəmanlardan biri belə deyirdi.
Üçdə alacağım, beşdə verəcəyimin olmadığı vaxtlarda bu hikməti anlamamışdım. Kövrək şair ürəyinə insana, fərdə nifrət eləməyin səbəbini anlatmaq elə də asan bir şey deyil.
Hələ bu nifrəti qəbul elətdirmək, əşhədü namümkündür – bunu çox səmimi deyirəm.
Bayaq sitat gətirdiyim hikmətin axırını gətirib, belə urvatsız məsələyə bağlamaq istəməzdim, amma əlacım yoxdur. Nadir Qafarzadə ilə Səməd Səmədovun itlərini evləndirməsini, mətbuatın yazdığı kimi «it qudası» olduqlarını eşidəndə illər əvvəl oxuduğum o fikir yaddaşımda ildırım kimi çaxdı.
Zarafata salıb çox şey düşünə bilərdik. Müğənnilərin bir-birinin evinə it üçün elçi getməsini, onların elçilik prosesini, nişan, xınayaxdı, toy mərasimlərini təsəvvür edə bilərdik.
Fikirləşə bilərdik ki, bütün milli ənənələrin ağını çıxaran xalqa elə belə də lazımdır, qoy onun toyunu, nişanını, xınayaxdısını sözün təkcə məcazi deyil, həm də həqiqi mənasında «it günü»nə qoysunlar.
Qoy ətək-ətək pul xərclədikləri bu müğənnilər onların adlarını «dəyər» qoyduqları şeyi beşqəpiklik eləsinlər.
«Yaxşı olur», «belə olmalı idi» deyə bilərdik.
Amma daha belə şeylərə sevinəcək qədər ümidimiz də qalmayıb.
Faciəvi budur ki, belə şeylər daha təəccübləndirmir.
Qəzəbləndirmir.
Qınamaq da olmur.
Fikirləşirsən ki, mətbuat iki müğənninin itlərini evləndirməsini səhifələrinə çıxaracaq qədər sözü, xəbəri urvatdan salıblarsa, özlərini belə təhqir edə bilirlərsə, onda Nadir Qafarzadə də, Səməd Səmədov da haqlıdır.
Fikirləşirsən ki, toplum, xalq iki müğənninin itlərinin evlənməsi xəbərini acgözlüklə oxuyacaq qədər kütdürsə, dayazdırsa, bəsitdirsə, onda bu xəbəri yayan mətbuatın da çox günahı yoxdur.
Mən bilmirəm günah kimdədir.
Amma belə olmaz.
Belə xalq olmaz.
Belə mətbuat olmaz.
Belə əxlaqsızlıq olmaz.
Bu gün müğənniləri itini evləndirən, mətbuatı bunu xəbərə çevirən xalqın sabah toyuna o müğənni özü gəlməyəcək.
İtini göndərəcək...
Toyunuza it gəlsin
Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024

Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024

Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz
17:25
2 avqust 2024