Öpdüm gözlərinin karantinindən... – Elvin Bakiroğludan yeni şeirlər

Öpdüm gözlərinin karantinindən... – Elvin Bakiroğludan yeni şeirlər
calendar 10 aprel 2020
clock 18:30

Kulis.az Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

Son üç ayda heç kim qucaqlaşmadı,
heç kimə dəymədi əlcək əllərin.
əlini çəkdiyin çox olsun, qadın,
ay görüm çox olsun əl çəkənlərin.

hamının maskası düşdü, darıxma,
hamıyla eynisən indi mənimçün.
bu qərib ölkədə bir də ki baxma,
maskasını taxan kimdi mənimçün?

sən məndən üzünü yarı çevirib,
elə bil dönmədin tamam dinindən.
üzümü balkona sarı çevirib,
öpdüm gözlərinin karantinindən.

***

içimdə bir şimşək çaxır
sən yadıma düşəndə.
bir şimşək çaxır
və gözünü qırpır bulud
bir xatirə eşidilir uzaqdan:
“olmadı, bir də.”

ikimizi görəndə
gələcək də qışqırır üstümə:
“çıx şəkildən.”
heç mənə də gərək deyil
içində sən olmayan
bu yarımçıq şəkildən.

saatlar vaxtın əlifbasıdı
və gün içində 24 hərf var.
bil ki bütün hərflər eynidi,
düşünmə ki bunda bir səhv var
və bil ki bütün saatlar birdi,
bütün birlər sənsən.
mən öldükcə çoxalırsan,
bu qəbirlər sənsən.

fikir ver ki demirəm yuxusuzam,
deyirəm ki
boşalmış çaydanlığam,
dolmuş külqabıyam.
fikir ver ki demirəm tənhayam,
deyirem ki
bir tayı itmiş ayaqqabıyam.
fikir ver ki demirəm qapındayam,
deyirəm ki qapıyam.

sən yadıma düşəndə
bir hekayə başlayır: “kölgə və dam”
içimdə bir adam dama çıxır,
damda bir kölgə görünür,
kölgə son dəfə uçur,
və yaranır izdiham…
sən yadıma düşəndə
bu hər dəfə təkrarlanır.
bax mən o kölgələrdənəm,
bax sən o izdihamlarsan.

adamlar torpağın vətənidi,
vətən adamların sevdikləridi,
sən mənim sevdiyim adamlarsan.

# 3413 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news