Şair Məmməd Aslana məktub

Şair Məmməd Aslana məktub
calendar 23 sentyabr 2015
clock 15:18

İki il əvvəl yazmışdım bu şeiri. Hər ehtimala qarşı - xırda bir diqqətsizliyə görə adamdan inciyirdi - zəng edib dedim ki, bəs belə bir yazı qaralamışam. “Lazım deyil, qoy qalsın məndən sonra dərc eləyərsən” – dedi...

Məmməd Aslan, Kəlbəcərsiz, Murovsuz

Necə yuxu gedir gözünə sənin?

O dağlardan uzaq, bu Ay, bu ulduz

Hardan işıq salır üzünə sənin?

Daha Kəlbəcərdən az yazırsan, az!

Səni Dədə Şəmşir heç bağışlamaz.

Otur, o torpaqdan yaxşı əsər yaz,

El də, “Əhsən!” desin yazına sənin.

Sənin qələminə söz gəlir asan,

İstəsən, bir aya bağlarsan dastan.

Sən ki, sözün böyük xridarısan,

Təzə sim bağlayaq sazına sənin?

Sücaət qoşmada bir idi, getdi,

Bəhmən Kəlbəcərsiz əridi, getdi,

Vallah ürəkləri çürüdü getdi,

Məgər bəlli deyil özünə sənin?

O yurdun söz yükü qalıb üstündə,

Alış, yan, alovlan, boğul tüstündə.

Çoxdan durmalıydım sənin qəsdində,

Gec də olsa, düşdüm izinə sənin.

Yüz yol vəsf etmisən sən o dağları,

Qayalardan axan buz bulaqları.

Bilirəm, Qoşqarın, Murovun qarı,

İsinib şeirinin közünə sənin.

Çox olub - çən, duman yolunu kəsib,

Dağlar qar başlayıb, dolunu kəsib.

Daş, qaya əlini, qolunu kəsib,

Əlli çapıq düşüb dizinə sənin.

Dağıldı binəsi, köçdü elatı,

Közdü sinəmizdə “Kəlbəcər” adı.

Bilirəm, o yurdun acı fəryadı,

Hopub çörəyinə, duzuna sənin.

Yuxuna gəlirmi, Ağdaban yolu,

İstisu bulağı, Millinin balı?

Yenə söyləyimmi, gəlsinmi dalı?

Qorxuram ki, gələ pisinə sənin.

Boylan Qoşqar kimi, bax Murov kimi,

İnilti üstünə düş qırov kimi,

Çağla şəlalətək, qalx alov kimi,

Kəlbəcər təşnədir sözünə sənin.

Qorxmaz Şıxalıoğlu

16.09.2013

# 1237 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news