Azadlıq kişilərin qul bazarında sərbəst dayanmasıydı  - ŞEİRLƏR

Azadlıq kişilərin qul bazarında sərbəst dayanmasıydı  - ŞEİRLƏR
calendar 12 may 2017
clock 17:30

Kulis.az Seyid Aynurun yeni şeirlərini təqdim edir.

***

Bu diyarda A Z A D L I Q- çörək pulu üçün kişilərin

qul bazarında sərbəst dayanmasıydı!.

hər gün evlərdə

neçə-neçə qadının ümidlərini udurdu tozsoran.

Böyüklər gün eynəkləri taxırdı gecə-gündüz,

vitrindəki konfetlərə baxa-baxa qalırdı uşaqlar.

Adamlar baxışlarıyla güllələyirdi əl-ələ gəzənləri,

hamı rəsmi idi-şəxsiyyət vəsiqəsindəki fotolardakı kimi

ölmüşdü bu şəhərdə sevgi!.

Mən minalarla dolu sahədə

çiyələk əkmək istəyən qız kimiydim,

sən çərpələng uçurmaq istəyən oğlan.

Ağlamsınıb içimdə arzular bu gecə bulud-bulud,

“nədənsə yalnız yuxularda

göy qurşağına çevrilir qəzəbli adamlar!.”

:gözlərim fikirlidir.

⃰ ⃰ ⃰

Gülümsəyərək əllərini

pəncərədən baxan

anasına tərəf yelləyirdi

həyətdə topla oynayan qırmızı donlu qız;

düyünü təmizlədiyi kimi

qara günləri də ömürdən arıtlamaq istəyirdi

ailəsinə yemək hazırlayan

qıyıq göz, girdə sifət qadın.

Birdən kimsə ucadan çığırdı:

“Reyko, Reyko, eşidirsən, çıx,

gəl, yığ uşağının küllərini küçədən!”.

Məhv olmuşdu canlı hər nə varsa -

o gün qəfil qollarını nüvəyə açmışdı Xirosima!.

⃰ ⃰ ⃰

Atasından öyrənmişdi xəyanəti:

Bir dəst boz kostyumu kəbinli arvadında-evdə,

O biri göy dəsti -

görüş üçün kirayələdiyi mənzildə durardı.

Deyirlər:

“Senbernarlar ölənədək dişisinə vəfalı olur ”.

⃰ ⃰ ⃰

Qorxudur məhəbbətin,

təzə ayaqqabılarım kimi.

Sıxır, qoymur getməyə,

xatirə qalır-

hər toxunduqda qanayan göz-göz yaralar.

⃰ ⃰ ⃰

Eşqin ehtiyatsızlıqda­­­­­n ölmək olduğunu

bilən bütün sevənlər

dəcəllik edən val kimidir-

Patefonun qızılı iynəsi incitsə də

“Son nəfəs rəqsi”ni oynayıb qurtaranadək

fır-fır fırlanacaqlar.

Qolumda qan kimi dövr edən saat,

başımı yorğana bələyib düşmənlərimin

səndən sadiq olduğunu düşünürəm.

hamı öz yerindədir,

bəs sən,

sən,

haralardasan......?????

view 1028 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news